İQTİSADİYYAT
Bakıda “Hiperbirləşmiş dünyada risklər və imkanlar” mövzusunda beynəlxalq tədbir keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə “Hiperbirləşmiş dünyada risklər və imkanlar” mövzusunda beynəlxalq tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dünya İqtisadi Forumunun (DİF) telekommunikasiya və informasiya texnologiyaları sənayesi departamentinin direktoru Alan Markus internetin inkişafı ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında duran qlobal problemlərdən danışmışdır. Bu sahədə DİF tərəfindən müəyyən edilən istiqamətlər barədə məlumat verən Alan Markus demişdir ki, informasiya texnologiyalarının mövcud vəziyyəti yoxlanılaraq 138 dövlətlə bağlı hesabat hazırlanmışdır. Hesabatda genişzolaqlı internetdən istifadə, bu sahədə qanunun aliliyinin təmin olunması, internet xidmətlərinin inkişaf etdirilməsi, təhsillə bağlı göstəricilər və digər məsələlər nəzərdən keçirilmişdir.
İnternetlə bağlı müəyyən çağırışların və problemlərin mövcud olduğunu deyən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture bildirmişdir ki, bu sahədə Dünya İqtisadi Forumu tərəfindən vahid metodologiya işlənib hazırlanmalıdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov virtual məkanda təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulamışdır. Nazir qeyd etmişdir ki, hazırda dünya ölkələri qarşısında duran ən mühüm vəzifələrdən biri məhz informasiya təhlükəsizliyinin təmini, virtual təhdidlərdən səmərəli müdafiə məsələsidir.
Dünya İqtisadi Forumunun “Bizim öhdəliyimiz dünyanı dəyişməkdən ibarətdir” tezisini xatırladan Əli Abbasov qeyd etmişdir ki, bu tezis iqtisadiyyat, eyni zamanda, internetlə bağlı da ifadə oluna bilər.
Beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz yararlanması və hazırda aktual olan digər məsələlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, dünya dövlətləri internet məkanında kibercinayətkarlıqla mübarizədə, informasiya təhlükəsizliyinin təmin edilməsində səylərini birləşdirməlidirlər.