CƏMİYYƏT
Bakıda “Hünər” XI vətənpərvərlik mahnıları festivalına yekun vurulub VİDEO
Bakı, 30 iyun, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 30-da Bakıda “Park İnn” otelində “Hünər” XI vətənpərvərlik mahnıları festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə dövlət himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu il festivalda Silahlı Qüvvələrimizin hərbi qulluqçuları da iştirak ediblər. “Hünər” XI vətənpərvərlik mahnıları festivalının finalı Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunub. Tədbirin təşkilinə görə minnətdarlığını bildirən nazir müavini istedadlı gənclərin üzə çıxarılması baxımından belə festivalların önəmini qeyd edib. Bildirilib ki, artıq ənənəyə çevrilən festivala marağın artması gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfədir.
Festivalın seçim turunda 18-29 yaşarası 30-dan çox gənc iştirak edib. Onlardan 10-u finala yüksəlib.
Festivalın münsiflər heyətinin tərkibinə Xalq Artisti Mübariz Tağıyev, Əməkdar artistlər Tünzalə Ağayeva, bəstəkar Vüqar Camalzadə daxildir.
Yekun konsertindən sonra ilk üç yeri tutmuş iştirakçılara diplomlar və mükafatlar təqdim edilib. Festivalın fərqlənən iştirakçılarına da diplomlar və xatirə hədiyyələri verilib.