İQTİSADİYYAT


Bakıda III Avrasiya Konfransı keçirilir YENİLƏNİB VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakıda “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusunda III Avrasiya Konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrindən, ölkəmizin Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə qurduğu OPEC+ formatındakı əməkdaşlığının əhəmiyyətindən danışıb.

Nazir müavini “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyinə və mənbələrin şaxələndirilməsinə verəcəyi töhfələrdən danışıb. Bildirib ki, bu ilin mayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi isə qrafikə uyğun davam etdirilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 79 faizi icra olunub.

BP və tərəfdaşlarının bu vaxtadək Azərbaycandakı layihələrə 70 milyard dollardan çox sərmayə yatırdığını deyən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3,5 milyard barrel neft hasil olunub. Bu vaxtadək AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz" qaz-kondensat yatağından isə indiyədək 96,5 milyard kubmetr təbii qaz hasil edilib”.

Bəxtiyar Aslanbəyli bildirib ki, gələn il Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Bu ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu saziş ötən günlərdə Milli Məclis tərəfindən ratifikasiya olunub. Müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır. Şirkət ötən ay Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində 61 faiz iştirak payı əldə edib. BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə ölkəmizin sənaye potensialı və əldə edilən nailiyyətlərdən danışıb. O, bu sahənin inkişafı üçün sənaye məhəllələrinin yaradıldığını deyib. Nazir müavini Azərbaycanın regional enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib.

IAEE-nin növbəti prezidenti, “ENEDIS” şirkətinin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin direktoru Kristof Bonneri təşkilatın dünya enerji sektorunda oynadığı roldan, bu sahə üçün təqdim etdiyi informasiya, araşdırmalar, reallaşdırdığı müxtəlif ideyalar, professional enerji mütəxəssislərinin və tələbələrin təhsili və inkişafına verdiyi töhfələrdən danışıb.

İki gün davam edəcək konfransda ABŞ, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Sloveniya, Rumıniya, Pakistan, Qazaxıstan, Qırğızıstan və Çili kimi ölkələrin enerji sektorlarından olan müəssisələrin rəhbər nümayəndələri iştirak edir. Tədbirdə “Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif problemi”, “Enerji bazarları və tənzimləmə”, “Elektrik enerjisi təchizatının dayanıqlılığı”, “Avrasiyada enerji səmərəliliyi: ənənəvi enerji, alternativ enerji və istilik təchizatı”, “Neft və qaz: iqtisadiyyat, innovasiyalar və sənayenin inkişafı”na dair məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.