ELM VƏ TƏHSİL
Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilir
Bakı, 25 may, Xatirə Cəfərova, AZƏRTAC
Mayın 25-də Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin Niğde Universiteti, Qazaxıstan Dövlət Qızlar Universiteti, M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti (BAU), Mahmud Kaşğari adına Bişkek Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Türk dövlətlərində ildə bir dəfə çox nüfuzlu universitetlər tərəfindən keçirilən simpozium bu il Azərbaycanda Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə təşkil olunub.
Açılış mərasimində “Kökümüz bir türkük” festivalı keçirilib. Türkdilli ölkələrdən olan universitet tələbələri yerli mədəniyyətlərini nümayiş etdirən müxtəlif səhnələr göstəriblər.
BAU-nun rektoru, professor Nazim Hüseynli bu tədbiri türk dünyasının yaxınlaşması baxımından mühüm addım kimi dəyərləndirərək qeyd edib ki, elmi ictimaiyyətin birgə fəaliyyətə yönəldilməsi çox böyük uğurdur. Tədqiqatçı alimlər bölmə iclaslarında elmi məqalələri ilə çıxış edəcək, müzakirələr aparacaqlar. Mövzu ilə maraqlanan mütəxəssis və araşdırmaçıların bir araya gəlməsində rol oynayacaq bu simpozium yeni tədqiqatlara təkan verməklə yanaşı, fərqli nöqteyi-nəzərdən araşdırmaların aparılmasında da böyük əhəmiyyət daşıyacaq. Simpozium türk xalqlarının tarixində yeni yanaşmaların əsasını qoyacaq.
Bakıda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov qeyd edib ki, türk dünyasının həm dil, həm də mədəniyyət sahəsində inteqrasiyası vacib məsələlərdəndir. Simpoziumun təşkilinin əsas məqsədi türk dünyasında ortaq elmi araşdırmaların və elmi baxışların formalaşmasına dəstək vermək, ümumi baxışlar sisteminin formalaşmasına kömək göstərməkdir.
Mili Məclisin deputatı Qənirə Paşayeva simpoziumun türk dünyasının yaxınlaşması baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb.
Mayın 27-dək davam edəcək simpoziumda türk dünyasını maraqlandıran dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi, beynəlxalq münasibətlər, sahibkarlıq, idarəetmə və iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr aparılacaq. Bu sahədə əməkdaşlığın perspektivləri, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə baxılacaq. Simpoziuma 13 ölkədən 500-dən artıq elmi məqalə təqdim olunub və onlardan 412-si çap edilib.