ELM VƏ TƏHSİL


Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir VİDEO

Bakı, 19 noyabr, P.İmanova, AZƏRTAC 

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada keçirilən simpoziumda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən yüzə yaxın nümayəndə iştirak edir .

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləridən söz açıb, bu əlaqələrin tarixi köklərə bağlı olduğunu söyləyib, hazırda iki ölkə arasında bütün sahələrdə güclü həmrəyliyin uğurla davam etdirildiyini bildirib.

Akademik diqqətə çatdırıb ki, Türkiyə-Azərbaycan birliyinin fəlsəfəsini ən mükəmməl şəkildə ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” kəlamı ilə ifadə edib. Bütün beynəlxalq təşkilatlarda Türkiyə hər zaman Azərbaycanla bağlı məsələlərdə ölkəmizə böyük dəstək verib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına xüsusi əhəmiyyət veriblər və bu siyasət uğurla davam etdirilir. Bütün bunlar iki ölkə arasında böyük tarixi ənənələrə malik dostluq və qardaşlıq əlaqələrinin XXI əsrdə yeni müstəviyə gəlib çıxması ilə nəticələnib. Bu birlik digər türk dövlətləri üçün də böyük örnək, mükəmməl nümunədir. Azərbaycan-Türkiyə elmi əlaqələri də böyük sürətlə inkişaf edir. Hər il AMEA-da Türkiyə elmi, ədəbiyyatı ilə bağlı müxtəlif tədbir, simpozium, konfranslar keçirilir. Aparılan birgə elm siyasəti həm Türkiyədə, həm də ölkəmizdə elmi mühitin inkişafına töhfə verir.

İsa Həbibbəyli bildirib ki, simpoziumda Qara dəniz beynəlxalq sosial elmlər dərgisinin redaksiya heyətinin üzvləri ilə birgə hər iki ölkə arasında elmi əlaqələr müzakirə olunacaq. Azərbaycan alimlərinin əsərlərinin ən çox nəşr olunduğu ölkə də məhz qardaş Türkiyədir. Türkiyənin bütün institutlarının, akademik qurumlarının jurnallarında alimlərimizin müxtəlif sahələrdə məqalələri dərc olunur. Həmin dərgilərin redaksiya heyətində azərbaycanlı alimlər təmsil olunurlar. Eyni zamanda, akademiyanın müxtəlif institutlarının nəşrlərinin redaksiya heyətinin üzvləri qardaş ölkənin alimləridir. Bu əlaqələr iki ölkə arasında elm sahəsində yeni ideyaların yaranmasına, birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.

“Qara dəniz beynəlxalq jurnalı Türkiyədə, ümumilikdə türk dünyasında və Avropada tanınan bir nəşrdir. Jurnalın təqdimatının ölkəmizdə keçirilməsi azərbaycanlı alimlərin onun fəaliyyətinə daha geniş şəkildə cəlb olunması məqsədini daşıyır. Bugünkü simpoziumda jurnalın təqdimatı ilə bağlı aparılacaq müzakirələr, irəli sürüləcək fikirlər Qara dəniz dərgisinin fonunda Türkiyə cəmiyyətində Azərbaycan elminin yerini, mövqeyini, rolunu daha da artıracaq. Həmçinin jurnalın redaksiya heyətinin azərbaycanlı alimlərlə zənginləşməsinə töhfə verəcək”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, professorlar Ərdoğan Altınkaynak, Roin Kavrelişvili, dosent Sönməz Abbaslı və digər çıxış edənlər beynəlxalq dərginin elmi, fəlsəfi mahiyyətindən, mövzuların istiqamətindən söz açıb, beynəlxalq simpoziumun işinə uğurlar arzulayıblar.

Bildirilib ki, Qara dəniz beynəlxalq sosial elmlər dərgisi ilk simpoziumunu Gürcüstanın paytaxtı Tbilisidə, ikincisini isə Türkiyənin Giresun şəhərində keçirib. Hər iki tədbirə yeddi ölkədən elm adamları qatılıb. Bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayır. Builki simpoziuma Bakı ilə yanaşı, respublikamızın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələr də qatılıb. Belə tədbirlər müxtəlif ölkələrdən elm adamlarının bir araya gəlməsinə, onlar arasında münasibətlərin daha da dərinləşməsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, eyni zamanda, elmi biliklərin müzakirəsinə və mübadiləsinə böyük zəmin yaradır.

Simpozium işini bölmə iclaslarında davam etdirib. Üçgünlük beynəlxalq tədbirdə 24 bölmə üzrə ümumilikdə 96 məruzə dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.