İQTİSADİYYAT


Bakıda I Beynəlxalq Reklam və Çap İşləri Sərgisi keçiriləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Bu il “Caspian Event Organisers” (CEO) şirkətinin tədbirləri sırasına yeni I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi - “AdPrint” əlavə olunub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, sərgi “Gift&Promo Fair” sərgisi ilə paralel olaraq sentyabrın 20-dən 22-dək “Boulevard Hotel Baku” mehmanxanasında keçiriləcək. “AdPrint” sərgisi regionda reklam xidmətlərinin bütün spektrini əhatə edən və həm yerli, həm də xarici şirkətləri bir araya gətirən yeganə tədbirdir.

Sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcək. İştirakçılar skanerləri, “Flexi Capture” proqram təminatını, informasiya texnologiyaları, ofis avadanlıqlarını, nəşriyyat-poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və sair), stendlərin quraşdırılmasını, tekstil avadanlıqları, suvenirləri, “POS” və reklam materiallarını, eləcə də təşviqat məhsullarını, peşəkar çap avadanlıqlarını (ofset, rəqəmsal, çapa qədər/çapdan sonrakı işləmə üçün avadanlıqlar və sair), istehlak mallarını və bir sıra digər materialları təqdim edəcək. “AdPrint” sərgisində iştirak edən yerli şirkətlər isə Türkiyə, Almaniya, İtaliya və Çinin dünyaca məşhur brendlərini təqdim edir.

Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək. Ümumilikdə, sərgi son təmayülləri araşdırmaq, eləcə də bu unikal sahədə əldə olunan bütün nailiyyətlər barədə məlumat toplamaq üçün imkan yaradacaq. “AdPrint” sərgisi reklam və çap məhsulları üzrə ən son texnologiyaların istehsal və satışı ilə məşğul olan, ən orijinal ideyaları təklif edən reklam şirkətlərinin məhsul və xidmətlərini təqdim etmək üçün ideal platformadır.

“AdPrint” sərgisi yeni tərəfdaşları cəlb edərək, bazarı təhlil etmək üçün çox səmərəli vasitəyə çevrilməklə yanaşı, reklam və çap məhsullarının istehsalı sahəsində innovativ məhsul və xidmətlərin nümayiş olunduğu unikal platforma funksiyasını yerinə yetirəcək. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Sərgi haqqında ətraflı məlumat və elektron dəvətnamə rəsmi saytda (www.adprint.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.