CƏMİYYƏT


Bakıda I Beynəlxalq Stomatologiya Konqresi keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakıda Mərkəzi Klinikanın təşkilatçılığı ilə l Beynəlxalq Stomatologiya Konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyədən və digər ölkələrdən mütəxəssislər də iştirak ediblər.

Əvvəlcə konqresdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən klinikanın baş direktoru Həsən Qəndilov iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin adından salamlayıb. O, tədbirin keçirilməsində əsas məqsədin respublika üzrə bütün həkimlərin maarifləndirilməsi, onların səhiyyənin yeni nailiyyətləri ilə tanış edilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin səhiyyənin inkişafına təkan verdiyini qeyd edən baş direktor bu sahədə görülən işlərdən də danışıb. Baş direktor, həmçinin klinikada tətbiq olunan ən son yeniliklər barədə məlumat verib. O, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsinin stomatoloqlar üçün faydalı olacağını bildirərək konqresin işinə uğurlar arzulayıb.

Klinikanın stomatologiya şöbəsinin müdiri Elçin Əsədov klinikanın nəzdində fəaliyyət göstərən stomatoloji poliklinika haqqında məlumat verib və stomatologiyanın bütün sahələrini əhatə edən tədbirin əhəmiyyətindən danışıb. Sonra poliklinikanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Türkiyənin Qazi Universitetinin mütəxəssisləri - dosent Süleyman Bozkayanın “İmplant bitişməsindən öncə horizontal və vertikal qreft auqmentasiyası üçün SHELL metodunun tətbiqi”, professor Cemal Tınazın “Endodontiyada iyatrogenik səhvlər və onların həlli”, dosent Burcu Özdemirin “Diş əti resessiyalarına müasir yanaşmalar”, Kipr Sağlıq və Toplum Bilimləri Universitetinin həkimi İlker Bacaksızın “İmplantologiyada effektiv önləyici tədbirlər və düzgün planlama”, Antera Ağız Xəstəlikləri Klinikasının həkimləri Orxan Salmanlının “Ortodontiyada erkən dövrdə transfersal müalicə üsulları” və Emre Öztürkün “Vinirlər. Vinirlərin fiksasiyası və əmələ gələn uğursuzluqlar” mövzusunda məruzələri dinlənilib.

Konqres Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 7 davamlı tibbi təhsil balı ilə qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.