ELM VƏ TƏHSİL
Bakıda İhsan Doğramacının vəfatının 8-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecdə Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu İhsan Doğramacının vəfatının 8-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kollecin direktoru Qulu Novruzov görkəmli alimin həyat və fəaliyyətindən, Azərbaycan və Türkiyə dövləti arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirilib ki, İhsan Doğramacı 1915-ci il aprelin 3-də İraqın Ərbil şəhərində anadan olub. O, Türkiyənin Bilkənt Universitetinin qurucusu, Beynəlxalq Uşaq Səhiyyə Mərkəzinin sədri, UNICEF-in Türkiyə Milli Komitəsinin sədri, Beynəlxalq Pediatrlar Qurumunun fəxri sədri olub. Bir sıra nüfuzlu mükafatlar almış İhsan Doğramacı Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeninə də layiq görülüb. Türkiyənin beynəlxalq aləmdə daha çox tanınmasında əvəzsiz xidmətlər göstərmiş İhsan Doğramacı 95 yaşında Ankarada vəfat edib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, görkəmli alim təhsil və səhiyyə sahəsində layihələri ilə dünya şöhrəti qazanıb.
Sonra “Doğramacının həyatı” sənədli filmi nümayiş olunub.
Tədbirdə, həmçinin kollecin tələbələrinin ifasında kompozisiya göstərilib və onların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.