ELM VƏ TƏHSİL
Bakıda “İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakı, 14 oktyabr (AZƏRTAC). “Ambassador” otelində “İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Tədbirin məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və belə şəxslər üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək perspektivləri müəyyənləşdirmək, Azərbaycanda bu sahədə çalışan insanların digər ölkələrin uğurlu təcrübə nümunələri ilə tanış olmalarına şərait yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu, YUNİSEF və Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şuranın (ICEVI) təşkilatçılığı ilə keçirilən konfransda MDB ölkələri Təhsil nazirliklərinin xüsusi psixologiya və pedaqogika, inklüziv təhsil sahəsində çalışan məsul əməkdaşları və digər müvafiq qurumların nümayəndələri iştirak edirlər.
Konfransda təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin uşaqlara, onların təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışmış, ulu öndər Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
İnklüziv təhsil üzrə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verən nazir bildirmişdir ki, Azərbaycan insan hüquqları, xüsusilə uşaq hüquqları ilə bağlı beynəlxalq saziş və konvensiyalara qoşulmuş, bununla bağlı üzərinə bir sıra öhdəliklər götürmüşdür. Həmin öhdəliklərdən biri də ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərin təhsil hüququnu təmin etmək üçün bütün səviyyələrdə inklüziv təhsilin təşkil edilməsidir. Bu sənədlərdən irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə respublikamızda müvafiq qərarlar qəbul edilmişdir.
Bildirilmişdir ki, ölkəmizdə 60 mindən çox əlilliyi olan uşaq vardır. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilmişdir.
Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən 2005-2009-cu illərdə müvafiq İnkişaf Proqramı həyata keçirilmişdir. Proqrama əsasən sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun həyata keçirilməsi, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə əhəmiyyətli işlər görülmüşdür.
Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fond tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün bütün internat məktəbləri və uşaq evləri, xüsusi məktəblər əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Proqram çərçivəsində 17 ümumtəhsil məktəbi və 13 uşaq bağçasında 200-dən çox sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunmuşdur. Məktəbəqədər və ibtidai təhsil pillələrində inklüziv təhsilin tətbiqi üçün metodik vəsaitlər hazırlanmışdır. İnklüziv təhsil müəllim hazırlığı kurikulumlarına və ixtisasartırma proqramlarına daxil edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların informasiya-kommunikasiya texnologiyaları və elektron resurslardan istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması məqsədilə Səbail rayonu 219 nömrəli məktəbin fiziki cəhətdən əlilliyi olan 7-ci sinif şagirdləri distant təhsil layihəsinə cəlb edilmişlər. Layihəyə cəlb edilmiş hər bir şagirdə “Əpl” (Apple) kompyuteri verilərək ümumi şəbəkəyə çıxışla təmin olunmuşdur.
Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı üzrə ölkəmizdə də institutlaşdırma tədbirləri reallaşdırılır. Proqramın icrası istiqamətində hazırlanmış və hökumət tərəfindən təsdiq edilmiş Baş Plana əsasən 7 internat məktəbin inklüziv təhsil komponentli ümumtəhsil məktəblərinə transformasiya olunması nəzərdə tutulmuşdur.
Proqram çərçivəsində Bakı şəhəri 7 nömrəli xüsusi internat məktəbində “Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan” pilot layihəsi həyata keçirilir. Uşaqların internat tipli uşaq müəssisələrindən tədricən bioloji və ya alternativ ailələrə verilməsi, həmçinin ailə mühitinə yaxın icma əsaslı xidmətlərin yaradılması bu layihənin əsas məqsədidir.
Bu il Suraxanı rayonunda müasir standartlara uyğun tikilmiş “Oriqami” reabilitasiya mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Bununla yanaşı, Fondun dəstəyi ilə Bilgəh qəsəbəsində Əqli və fiziki əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzi yaradılmışdır.
Proqrama əsasən alternativ xidmətlərin yaradılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Mingəçevir şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzi, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat, Sabunçu rayonunda 11 nömrəli xüsusi internat, Bərdə şəhər inklüziv komponentli ümumtəhsil məktəbinin nəzdində reabilitasiya-inkişaf mərkəzləri yaradılmışdır.
M.Mərdanov inklüziv təhsil üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırmışdır.
Təmsil etdiyi qurumun reallaşdırdığı müvafiq layihələr barədə məlumat verən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmalarının əhəmiyyətindən bəhs etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və digər çıxış edənlər də inklüziv təhsillə bağlı fikirlərini bildirmişlər.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
Konfrans oktyabrın 15-də başa çatacaqdır.