ELM VƏ TƏHSİL
Bakıda “İnnovasiya ekosisteminin qurulması” mövzusunda seminar keçiriləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 19-dan 21-dək Bakıda “İnnovasiya ekosisteminin qurulması” mövzusunda seminar keçiriləcək.
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi, Bakı Mühəndislik Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən birgə təşkil olunan tədbirin əsas məqsədi müvafiq dövlət qurumları və özəl sektor nümayəndələri ilə birgə innovasiya ekosisteminin qurulması üzrə fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, seminarı “Global Innovation Catalyst” şirkəti, Berkeley Kaliforniya Universitetini və Stanford Universitetini təmsil edən mütəxəssislər aparacaqlar. Tədbirdə müxtəlif nazirliklər, komitələr və digər dövlət qurumlarının əməkdaşlarının, eyni zamanda, özəl sektor nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar nəticəsində iştirakçılar sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik-əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üçillik fəaliyyət planı hazırlaya biləcəklər.