MƏDƏNİYYƏT
Bakıda İslam dünyasının gənc klassik musiqi ifaçıları mükafatlandırılıb
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi və finalçıların qala-konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə ISESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilib.
Hər ilin aprel aynında təşkil olunan və İslam dünyasının müxtəlif ölkələrindən yaradıcı, gənc iştirakçıları ətrafına toplayan müsabiqədə ölkəmizlə yanaşı, Türkiyə, Özbəkistan, Misir, İran, Mərakeş və Qırğızıstandan musiqiçilər iştirak ediblər.
Tədbirdə Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev çıxış edərək müsabiqə iştirakçılarını təbrik edərək uğurlar arzulayıb və onlara sertifikatlar təqdim edib.
Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb və onlar mükafatlandırılıb.
Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim olunub.