CƏMİYYƏT
Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatı olub VİDEO
Bakı, 7 may, Anar Rzayev, AZƏRTAC
Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Cəmiyyətin fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.
Dostluq Cəmiyyətinin həmsədri Dündar Keşaplı İtaliya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən danışaraq bildirib ki, cəmiyyətin əsas məqsədi öz fəaliyyəti ilə bu əlaqələrə töhfə verməkdir. O, cəmiyyətin əsasən mədəniyyət, moda, film, idman sahəsində fəaliyyət göstərəcəyini bildirib.
İki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət və ehtirama əsaslandığını söyləyən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo dərin və yüksək səviyyəli dostluq münasibətlərinin böyük perspektivləri olduğunu qeyd edib: “Siyasi əlaqələrdən əlavə bizim sürətlə inkişaf edən biznes və iqtisadi əlaqələrimiz də mövcuddur. Bundan əlavə dövlətlərimiz sıx strateji əməkdaşlıq edir. Bu əlaqələrdə idman və mədəniyyət sahələri tam əksini tapıb. Əminəm ki, bu cəmiyyət qeyd edilən istiqamətlərdə uğurla fəaliyyət göstərəcək".
Gələn ay Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında İtaliyanın 300-ə yaxın nümayəndə heyəti ilə təmsil olunacağını deyən səfir idmançıların bu yarışı səbirsizliklə gözlədiklərini söyləyib.
“Bildiyiniz kimi, bir neçə gün öncə “Milan-Expo” sərgisi açılıb. Hər il bu sərgiyə 20 milyona yaxın insan qatılır. Sərgiyə gələnlər burada ən gözəl və möhtəşəm pavilyonun məhz Azərbaycana məxsus olduğunu qeyd edirlər. Azərbaycan pavilyonunda İtalyan dizaynının çalarları var. Bu, bir daha bizim əlaqələrimizin nə dərəcədə dərin köklərə malik olduğunu göstərir”, - deyə diplomat bildirib.
Tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri, əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı Adil Əliyev, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Azərbaycan və İtaliyanın qədim mədəniyyətə malik ölkələr olduğunu qeyd edib, təşkilatın iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliklərini vurğulayıblar.
İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri Rəşad Qurbanovdur.