MƏDƏNİYYƏT


Bakıda “Jazz Fans” İctimai Birliyinin və jazz.az saytının təqdimatı olub

Bakı, 19 sentyabr, Ruslan Manafov, AZƏRTAC 

Milli Musiqi Günündə Bakıda “Jazz Fans” ( “Cazın dostları”) İctimai Birliyi və jazz.az saytının yenilənmiş versiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq artisti, tanınmış pianoçu Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Siyavuş Kərimi, yaradıcı ziyalıların nümayəndələri, incəsənət xadimləri və çoxsaylı caz həvəskarları iştirak ediblər.

Təqdimat mərasimində “Jazz fans” İB-nin həmtəsisçisi Nuri Əhmədov incəsənətin bu növünün Azərbaycanda təşəkkül tapmasının tarixindən bəhs edib,

həmçinin ölkəmizdə cazın banilərinin həyat və yaradıcılığı haqqında məlumat verib və hazırda bu sahədə mövcud olan problemlərə toxunub.

Bununla yanaşı, N. Əhmədov bu musiqi janrının ölkəmizdə inkişafına və Azərbaycan cazının dünyada təbliğinə verdiyi böyük töhfəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

“Jazz Fans” İB-nin həmtəsisçisi Mədəniyyət naziri Əbülfəs Qarayevə də ölkəmizdə caz janrının inkişafına göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

N. Əhmədov diqqətə çatdırıb ki, hazırda yeni ictimai birliyin fəaliyyəti üçün yer ayrılması barədə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Həmtəsisçi qeyd edib ki, “Jazz Fans” qeyri-hökumət ictimai təşkilatıdır və mədəniyyətin inkişafına dəstək verəcək üzvlərinin hüquqi bərabərliyi prinsipləri əsasında fəaliyyət göstərir. Onun fəaliyyətinin əsas istiqamətləri cazın təbliği, maarifləndirmə və bu musiqi janrının ölkəmizdə inkişafıdır. İB-nin nizamnaməsinə görə, bu məqsədlə elmi tədqiqatlar aparılır, müxtəlif kurslar, seminarlar, müsabiqələr, festivallar, konfranslar, görüşlər, sərgilər və ustad dərsləri təşkil edilir.

İnternet portalının baş redaktoru, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, caz tədqiqatçısı Turan Məmmədəliyeva çıxışında qeyd edib ki, ictimai təşkilat caz həvəskarlarını və fantlarını, ifaçıları, nəzəriyyəçiləri və KİV nümayəndələrini birləşdirən bir platforma olmağı qarşısına məqsəd qoyub. O əlavə edib: “Birliyin Şurasının tərkibinə tədqiqatçılar, təşkilatçılar, məsləhətçilər, habelə Birliyin üzvlərinin fəaliyyət növü və peşəkarlıq səviyyəsi üzrə - Peşəkarlar və Məsləhətçilər Klubu, İfaçılar və Fanatlar klubu olmaqla formalaşdırılan klub rəhbərləri daxil olacaqlar”.

Sonra www.jazz.az internet saytının təqdimatı oldu.

Qeyd edək ki, “Jazz Fans” İctimai Birliyi paytaxtımızda 2003-2015-ci illərdə fəaliyyət göstərmiş Bakı Caz Mərkəzinin işini davam etdirəcək.

Təqdimat mərasimindən sonra ölkənin gənc və tanınmış caz musiqiçilərinin – Azərbaycanın Əməkdar artistləri Tofiq Cabbarov, Vaqif Əliyev, Ruslan Hüseynov, İsfar Sarabskinin, caz müğənnisi Səbinə Hacıyevanın, pianoçular Əfqan Rəsulov, Elbəy Məmmədzadənin, gənc ifaçılar Timur Bulatov, Nicat Aslanov, Afşin Əlizadə, Həsən Bilalov, Firudin Həmidov, Aydın Zeydullayev, Nicat Paşazadə, Kamil Mustafayevin, DiHaj qrupunun solisti Diana Hacıyevanın, həmçinin RAST qrupunun iştirak etdikləri konsert keçirilib.

Konsertin aparıcısı tanınmış teleradio aparıcısı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.