ELM VƏ TƏHSİL


Bakıda “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib    YENİLƏNİB VİDEO

“British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramına start verilib

Bakı, 31 oktyabr, P.İmanova, AZƏRTAC

Oktyabrın 31-də Bakıda “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramına start verilib, onun üstünlüklərindən söz açılıb.

Tədbirdə “British Council”ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah bildirib ki, konfrans məzunların məşğulluğunu artırmaq, işədüzəlmə bacarıqlarını inkişaf etdirmək, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və bu istiqamətdə nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq yollarını öyrənmək məqsədi daşıyır. Bundan başqa, “British Council” Birləşmiş Krallıq və Azərbaycandan olan tərəfdaşları ilə birlikdə ali məktəb məzunlarının əldə etdiyi nəticələrin monitorinqinin həyata keçirilməsi ilə əlaqədar təcrübə mübadiləsi və problemləri müzakirə etmək üçün platforma yaratmaq niyyətindədir. Beynəlxalq xarakter daşıyan tədbir Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və ölkəmizin iqtisadi inkişafına uzunmüddətli töhfə vermək üçün gözəl imkandır. Bugünkü tədbir yeni təhsil proqramının gələcək nəsil məzunların mənafeyi naminə Azərbaycandakı mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək.

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib ki, “British Council” təşkilatı “Məşğulluq üçün ali təhsil” proqramının köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, məzunların bilik və bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişafına kömək etmək istəyir.

O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb, bugünkü konfransın təhsil siyasətinin inkişafına töhfə verəcəyinə və daha güclü təhsil sisteminin qurulmasına kömək edəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, məzunların məşğulluq imkanlarının artırılması və insan kapitalının formalaşdırılması Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Azərbaycan hökuməti hər zaman təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Ali məqsəd də məhz neft kapitalını insan kapitalına çevirməklə innovativ biliyə əsaslanan iqtisadiyyatı daha da gücləndirməkdir. Müasir dövrdə Azərbaycanın təhsil sistemi qlobal təhsil sisteminə inteqrasiya etməkdədir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclər hazırda dövlət idarələrində və özəl qurumlarda uğurla fəaliyyət göstərirlər. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universiteti (UFAZ) isə ölkə təhsilinin beynəlxalq səviyyə çatdırılmasının bariz nümunəsidir.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər zaman mütərəqqi dünya təcrübəsinin təhsil sahəsində öyrənilməsinə diqqət yetirir, bu istiqamətdə beynəlxalq əməkdaşlığı, xüsusilə Böyük Britaniya ilə əlaqələri genişləndirir, “British Council” ilə müxtəlif layihələr həyata keçirir. Son illərdə təşkilatla birgə ondan artıq layihə, yüzdən çox tədbir həyata keçirilib.

“Müasir dövrdə əmək bazarının tələbləri çox sürətlə dəyişir. Bu cür tədbirlərin keçirilməsi, eləcə də qeyd olunan sahədə beynəlxalq mütəxəssislərin tövsiyəsi, ali təhsil müəssisələrinin rəhbərləri ilə fikir mübadiləsinin aparılması, tələbələrin gələcək əmək bazarına daha yaxşı hazırlığı üçün dəyirmi masa və müzakirələrin təşkili olduqca vacibdir. Bugünkü tədbirin də əsas məqsədi tələbələrin gələcək əmək bazarına uyğunlaşdırılması və bu sahədə göstəricilərin yüksəldilməsidir”, - deyə Təhsil naziri vurğulayıb.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri, Birləşmiş Krallıq və Azərbaycan universitetlərinin, tərəfdaşlığın qurulmasında maraqlı olan şirkətlərin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.