ELM VƏ TƏHSİL
Bakıda “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Bakıda, “Hilton” hotelində “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə həsr olunmuş konfrans öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa İttifaqının və Almaniyanın hökumət nümayəndələrinin iştirak etdikləri konfransı açan təhsil naziri Misir Mərdanov Azərbaycan-Almaniya dostluq əlaqələrinin inkişafı barədə danışmışdır. Bildirmişdir ki, bu ölkə Azərbaycan ilə bütün sahələrdə ən yaxşı tərəfdaşdır. Təsadüfi deyil ki, Prezident təqaüdünə layiq görülmüş azərbaycanlı tələbələr Almaniyanın nüfuzlu universitetlərində təhsil alırlar.
Nazir demişdir ki, Avropa İttifaqına üzv ölkələr arasında 2010-cu ilin avqustunda elan olunmuş “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsində Almaniya uğur qazanmışdır. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin büdcəsi 1 milyon 200 min avrodur. Layihənin ümumi məqsədi kənd təsərrüfatı sahəsi üzrə peşə-ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını dəstəkləməklə peşə məktəbləri məzunlarının iş tapmaq imkanlarını artırmaq və qeyri-neft sahələrində ölkənin rəqabətə davamlılığının gücləndirilməsinə töhfə verməkdir. “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012- ci illər) prinsiplərinə uyğun tərtib olunmuş layıhədə kənd təsərrüfatı sahəsinə aid ixtisas standartlarının və kurikulum nümunələrinin hazırlanması, peşə təhsili mütəxəssisələrinin rəhbərləri və müəllimlər üçün təlimlər keçirilməsi öz əksini tapmışdır. Layihə çərçivəsində Almaniyaya təlim səfərlərinin təşkil edilməsi, seçiləcək pilot müəssisənin dövlət vəsaiti hesabına yenidən qurulması, eyni zamanda, işə götürənlərin fəaliyyətini yüksəltmək məqsədi ilə Koordinasiya Şurasının yaradılması da nəzərdə tutulmuşdur.
M.Mərdanov Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələri vurğulayaraq, demişdir ki, ölkəmiz barəsində bu beynəlxalq qurumda müsbət fikir formalaşmışdır.
Nazir 40 azərbaycanlı tələbənin Almaniyada kənd təsərrüfatı üzrə təhsil aldıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Açılışda Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen layihənin əhəmiyyəti barədə danışmış və konfransın işinə uğurlar arzulamışdır.
Tədbirdə “Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal Nazirliyinin apardığı beynəlxalq əməkdaşlıq siyasəti-təhsil, kənd təsərrüfatı sahəsində uğurların əsas ünsürü kimi” mövzusunda məruzə dinlənilmişdir.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılmışdır.