İQTİSADİYYAT


Bakıda Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 18-ci İllik Toplantısı keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakıda Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 18-ci İllik Toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, INSME və bu təşkilata üzv olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilmiş tədbir “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunub. İlk dəfədir ki, ölkəmizdə təşkil olunan toplantıda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların və INSME-yə üzv olan qurumların nümayəndələri iştirak ediblər. Builki toplantının əsas məqsədi yaşıl inkişafda innovasiyaların rolunu təşviq etmək, qlobal böhranlar zamanı sahibkarlığın potensialını üzə çıxarmaq, KOB-ların enerji böhranlarının öhdəsindən necə gələ biləcəyini və hökumətlərin necə müdaxilə etməli olduğunu müzakirə etmək, bu istiqamətdə yeni ideyalara sahib insanlar arasında şəbəkələşməni genişləndirməkdir.

Tədbirin açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Serdjio Arzeni, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “ToJoy”un prezidenti və Belçikanın keçmiş Baş naziri Yves Leterme, Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyinin baş direktoru Boyko Takov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

Sonra KOBİA və Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyi, eləcə də INSME və Dünya Biznes Mələkləri Forumu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.

Tədbir gün ərzində “KOB-lar üçün davamlılıq və enerji problemləri”, “KOB-ların cari və gələcək böhranın öhdəsindən gəlməyə hazır olması”, “Yaşıl inkişaf üçün innovasiyaların təşviqi” və “Siyasət cavabları” mövzularında panel müzakirələrlə öz işini davam etdirib.

Dekabrın 2-də INSME üzvlərinin iştirakı ilə təşkilatın Baş Assambleyasının iclası keçiriləcək. Sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.