CƏMİYYƏT
Bakıda Könüllülərin Beynəlxalq Gənclər Forumu işə başlayıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 30-da Bakıda Könüllülərin Beynəlxalq Gənclər Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum MDB iştirakçı dövlətlərinin 2020-ci ilə qədərki dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2018-2020-ci illərə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilib.
Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən 70-dən çox gənc nümayəndə iştirak edir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Forumda çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr barədə məlumat verib, gənclərimiz üçün yaradılan şəraitdən danışıb. Qeyd olunub ki, bu yüksək diqqət və qayğıdan bəhrələnən gənclərimiz göstərilən etimadı layiqincə doğruldaraq, Azərbaycanı bütün sahələrdə uğurla təmsil edirlər.
Nazir müavini beynəlxalq əməkdaşlıqda, o cümlədən MDB məkanında əməkdaşlığın gücləndirilməsində gənclərin rolunun əhəmiyyətini diqqətə çatdıraraq, bu baxımdan belə tədbirlərin rolunu yüksək qiymətləndirib.
“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təsisçisi Gülarə Teymurova, Təhsil Nazirliyinin “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, BMT-nin könüllülər proqramının Avropa və MDB ölkələri üzrə meneceri Dmitri Frişin, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Məzahir Əfəndiyev və digərləri çıxışlarında MDB məkanında əməkdaşlığın, xüsusən gənclər arasında əlaqələrin güclənməsində Forumun rolunu xüsusi vurğulayıblar.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Forum çərçivəsində “Könüllülük - gənclərdə sosial məsuliyyət və vətəndaş mövqeyinin formalaşdırılması kimi”, “Könüllülük hərəkatının inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin formalaşdırılması”, “Könüllülük dəyərlərinin təbliğ olunması”, “Yerli və beynəlxalq tədbirlərdə könüllülük proqramları” və sair mövzularda sessiyaların keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
Könüllülərin Beynəlxalq Gənclər Forumuna oktyabrın 31-də yekun vurulacaq.