İQTİSADİYYAT


Bakıda Korporativ İdarəetmə üzrə təlim-seminar keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə təlim-seminar keçirib.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb. Effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunub, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə danışılıb. Bununla yanaşı, seminar iştirakçılarına daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat verilib.

Təlim-seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, KPMG-nin nüfuzlu ekspertlərinin iştirakı ilə belə bir seminarda iştirak dövlət qurumları və şirkətlərin nümayəndələrinə imkan verir ki, əldə etdikləri yeniliklər vasitəsilə öz işlərini daha da səmərəli və effektiv yerinə yetirsinlər. Bununla da qurumların xidmətlərindən istifadə edən əhali qruplarının məmnunluğu daha da artacaq.

KPMG Azərbaycan ofisinin idarəçi partnyoru Vüqar Əliyev korporativ idarəetmə prinsiplərinin şirkət üçün əsas strateji istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycanda özəl və dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində müxtəlif sahələrdə geniş əməkdaşlığın aparıldığını təlim iştirakçılarının nəzərinə çatdırıb. İdarəçi partnyor növbəti illərdə də bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin şirkətin əsas prioritet sahələrindən biri olacağını qeyd edib.

Ödənişsiz təşkil olunan təlim-seminarda İqtisadiyyat Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Neft Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Aztelekom" MMC, Dənizkənarı Bulvar İdarəsi kimi qurumların səlahiyyətli nümayəndələri iştirak edib.

İki gün davam edən təlimin sonunda iştirakçılara İİTKM və KPMG –nin birgə sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, seminarın reallaşması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı tələblərindən irəli gələn tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.