İQTİSADİYYAT
Bakıda MDB ali audit qurumlarının beynəlxalq seminarı keçirilir YENİLƏNİB
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə "Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti" mövzusunda seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının auditoru Firsənd Qurbanov Ali Maliyyə Nəzarət Orqanlarının dövlət maliyyə nəzarətinin əsas tərkib hissəsi olan dövlət idarəçilik sistemində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, mürəkkəb iqtisadi şəraitdə dövlət auditinin zəruriliyi daha da artır. Bu isə öz növbəsində, yeni yanaşmaları aktuallaşdırır. Ali Maliyyə Nəzarət Orqanları dövlət vəsaitlərinin istifadəsinə nəzarətlə bağlı mühüm funksiyaları yerinə yetirirlər. Biz həm də inkişaf prioritetlərini müəyyən etməli və öz fəaliyyətimizin keyfiyyətini düzgün qiymətləndirməliyik. "Hesab edirəm ki, bu tədbirin keçirilməsi bizim aparacağımız dövlət büdcəsinin xərcləri üzrə audit tədbirlərinin keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda, seminarın mövzusu üzrə aparılacaq diskussiyalar fəaliyyətin və qarşılıqlı əməkdaşlığın keyfiyyətinin qiymətləndirilməsinə vahid və düzgün yanaşma tətbiq etməyə şərait yaradacaq", - deyə auditor qeyd edib.
Seminara moderatorluq edən Hesablama Palatasının icmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova təmsil etdiyi qurumun təcrübəsini bölüşüb. O, Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin əsas göstəricilərinin illik hesabatda əks olunduğunu qeyd edərək, tətbiq edilən fəaliyyətin nəticələrini qiymətləndirmək üçün göstəricilərin hesablanması və məqsədi barədə məlumat verib.
Rusiya Hesablama Palatasının, Belarus Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətinin mövzu üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, seminar 2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş iş planına əsasən Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək.
Fevralın 21-də Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.