CƏMİYYƏT
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin kadr aparatları rəhbərlərinin növbəti iclası işə başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını iclas iştirakçılarına çatdırıb, tədbirin işinə uğurlar arzulayıb. O, şəxsi heyətin idarə olunması sahəsində mühüm vəzifələrin həllinə yönəlmiş bu forumun əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən hüquq-mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsinə, maddi-texniki təminatın möhkəmləndirilməsinə və şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, xidmət keçməni, kadrlarla iş məsələlərini tənzimləyən qanunvericilik aktlarının və zəruri vəzifə təlimatlarının qəbul edildiyini diqqətə çatdırıb. V.Eyvazov şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi ilə bağlı sistemli tədbirlərin gerçəkləşdirildiyini qeyd edib. Həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin aidiyyəti xidmət rəhbərlərinin əməkdaşlığının iyirmi ildən çox müddətdə uğurla davam etdiyini, peşəkar kadr korpusunun formalaşdırıldığını, bu potensialın möhkəmləndirilməsi sahəsində müsbət təcrübənin toplandığını və bundan səmərəli istifadə edildiyini vurğulayıb, habelə hazırkı iclasın müəyyənləşdirilmiş hədəflərə çatmaq yolunda daha bir addım olacağına əminliyini ifadə edib.
İki gün davam edəcək tədbirin gedişində nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq. İclasın yekununda müvafiq sənəd imzalanacaq.