CƏMİYYƏT
Bakıda MOBILAZE layihəsi çərçivəsində təşkil olunan təlimlərə yekun vurulub
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Bakıda, “Hyatt Regency” mehmanxanasında şəxsiyyəti təsdiq edən sənədlərin aşkar olunması üçün müasir təlim materiallarının dövlət orqanlarına Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində təhvil-təslim mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təmsilçiləri, Niderlanddan və Litvadan olan ekspertlər iştirak ediblər.
Tədbirdə sənədlərin təhlükəsizliyi üzrə bacarıqların artırılması və texniki yardım fəaliyyətlərinin nəticələri təqdim olunub və müzakirələr aparılıb.
MSİBM-in eksperti, layihə rəhbəri Monika Veber təqdimatla çıxış edərək bildirib ki, Aİ ilə Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən MOBILAZE layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək üçün tərəfdaşlıq sənədini imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd nəzarəti idarəsinin rəis müavini Azad Qasımov, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Ülvi Əliyev və digərləri üç gün müddətində keçirilən təlimlərin əhəmiyyətini vurğulayaraq, layihənin uğurlu və səmərəli olduğunu bildiriblər.