CƏMİYYƏT


Bakıda Mahatma Qandinin doğum gününün 153-cü ildönümü qeyd edilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Hindistanın Azərbaycandakı səfirliyi ölkəmizdəki hind diaspor assosiasiyaları ilə birlikdə Mahatma Qandinin doğum gününün 153-cü ildönümünü münasibətilə “Qandi Cayanti” adlı tədbir keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirə Azərbaycanın rəsmi şəxsləri, tanınmış mədəniyyət xadimləri, universitetlərin nümayəndələri, Hindistan tarixinin və mədəniyyətinin həvəskarları, Hindistanın Azərbaycandakı dostları, habelə hind icmasının çoxsaylı üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr daxil olmaqla 150-yə yaxın iştirakçı qatılıb.

Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxış edərək bildirib ki, Mahatma Qandi, sadəcə, Hindistanı azadlığa aparan milli hərəkatın lideri deyil, həm də dünya üçün bir müəllim olub.

“O, tək Hindistana deyil, bütün dünyaya məxsusdur. Onun mesajları Hindistanın azadlıq mübarizəsi kontekstində verilsə də, bütövlükdə bütün dünya üçün nəzərdə tutulub. Birləşmiş Millətlər Təşkilatı Mahatma Qandinin çoxşaxəli töhfəsini qəbul edərək, qeyri-zorakılıq fəlsəfəsini və strategiyasını təhsil və ictimai maarifləndirmə yolu ilə yaymaq üçün 2007-ci ilin iyununda onun doğum gününü Beynəlxalq Qeyri-Zorakılıq Günü elan edib. Mahatma Qandi bu gün də bizi ruhlandırmağa davam edir. Onun təlimləri həm məkan, həm də zaman baxımından ümumi xarakter daşıyır. Həmin təlimlər Qandi yaşadığı vaxtlarda olduğu kimi, bu gün də aktualdır və bəşəriyyətin üzləşdiyi problemlərə həll yolları təklif etməyə davam edəcək”, - deyə Vinay Kumar vurğulayıb.

Sonra tədbir iştirakçıları məşhur azərbaycanlı müğənni Tofiq Əliyevin ifasında Mahatma Qandinin sevimli “Vaişnav Can To Tene Kahiye” mahnısına çəkilmiş videoklipi izləyib, eləcə də Qandinin həyatına dair qısa təqdimata və sənədli filmə baxıblar. Tədbirdə, həmçinin Mahatma Qandi haqqında çıxışlar, şeirlər və mahnılar dinlənilib.

Tədbir zamanı iştirakçılar, həmçinin tədbirin keçirildiyi məkanın foyesində təşkil olunmuş Qandi haqqında rəsm sərgisinə, eləcə də əl ilə əyirilmiş tekstil – Xadi sərgisinə baxmaq imkanını əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.