CƏMİYYƏT
Bakıda “Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Bakıda “Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalistikamızda dildən istifadə xüsusiyyətlərinin çoxsaylı müzakirələrin mövzusuna çevrildiyini deyib. Ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, jurnalistlərin ədəbi dilin işlədilməsi qaydaları ilə bağlı problemləri yaşanmaqdadır. Layihənin də məqsədi həmin tendensiyanın aradan qaldırılmasına dəstək göstərməkdən ibarətdir.
Şuranın ədəbi dilin qorunması ilə bağlı monitorinqinin qrup rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov aparılan araşdırmalar barədə məlumat verərək deyib: “Müşahidələrimiz onu deməyə əsas verir ki, ötən illərdən fərqli olaraq ümumən mediada ana dilimizin işlədilməsi sahəsində müsbət tendensiyalar nəzərə çarpmaqdadır”.
Mediamızda ana dilimizdən istifadə sahəsində kifayət qədər pozuntu faktlarının mövcudluğunu vurğulayan MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, belə təmayüllərə qarşı bütövlükdə cəmiyyətin səfərbər olması zəruridir.
Digər çıxış edənlər bildiriblər ki, jurnalistikanın söz sənəti kimi ədəbi dilə riayət etməsi örnək mahiyyət daşıyır. Onlar digər sahələrdə də ana dilindən istifadədə ciddi nöqsanların mövcudluğuna diqqət çəkiblər və bununla əlaqədar olaraq maarifləndirmə işləri ilə yanaşı, hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyətini önə çəkiblər.