SİYASƏT
Bakıda Meksikanın milli bayramı qeyd edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Meksikanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores ölkəsinin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verib.
Səfir Meksika-Azərbaycan əlaqələrindən danışaraq əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini söyləyib. O, qarşılıqlı səfərlərin əlaqələrimizin dərinləşməsinə təkan verdiyini vurğulayıb. Qeyd edib ki, gələn həftə Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcək. Noyabr ayında isə azərbaycanlı iş adamları Meksikaya səfər edəcəklər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Meksikanın BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını vacib saydığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov milli bayram münasibətilə Meksika xalqını təbrik edib. O, Azərbaycan-Meksika münasibətlərinin önəm daşıdığını diqqətə çatdırıb. Meksika Senatında Xocalı soyqırımının tanınması ilə bağlı sənədin qəbul edildiyini xatırladan Gündüz Cəfərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.