MƏDƏNİYYƏT
Bakıda “Mələklərin zamanı” kukla sərgisi açılmışdır VİDEO
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 21-dən yanvarın 13-dək “Kukla” art-qalereyasında “Mələklərin zamanı” kukla sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Bakı Muzey Mərkəzinin və “Kukla” art-qalereyasının dəstəyi ilə təşkil olunmuşdur.
Sərginin təşkilatçılarından biri olan “Kukla” art-qalereyasının sahibi Lalə Kazımova indiki mürəkkəb XXI əsrdə insanların xoş hisslər ruhunda tərbiyə edilməsində bu nadir incəsənət növünün çox əhəmiyyətli sayır. Kuklalar aləmi incəsənətin digər növlərinə nisbətən assosiativ qavrayışla daha çox bağlıdır və sanki bizi uşaqlıq çağına qaytarır. L.Kazımova qeyd etmişdir ki, mələklər təkcə səma varlıqları deyil, həm də insan ruhunun azadlığıdır, işıqlı niyyətlərimizdir. “Mələk” sözünün yunan dilindən tərcüməsi “Müjdəçi” deməkdir.
Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, kuklalar sanki bizə nurlu mələklərin gözü ilə baxırlar və xatırladırlar ki, ali dünya vardır, o yaxındadır, sadəcə onu görməyi bacarmaq lazımdır. K.Əliyeva sonda demişdir: “Kuklalar bizə başqa ölçülər dünyasını, materiyanın başqa vəziyyətini xatırladır”.
Muzey mərkəzinin direktoru Liana Vəzirova bildirmişdir ki, bu sərgi təkcə incəsənət aləmində deyil, həm də mənəvi həyatımızda mühüm hadisədir. Onun məqsədi, obrazlı şəkildə desək içimizdəki mələkləri oyatmağa kömək edən kukla sənəti vasitəsilə tamaşaçıları mənəvi cəhətdən dəyişməkdir. L.Vəzirova həmçinin qeyd etmişdir ki, sərgiyə 8 ölkədən, o cümlədən Rusiya, İtaliya və Ukraynadan kukla sənəti ustalarının işləri təqdim olunmuşdur.
Sərgidə Azərbaycanı Rəssamlar Birliyinin üzvləri - Elmira Abbaslı, Pərviz Hüseynov və İrina Qundorina, habelə dekorativ-tətbiqi sənət sahəsinin nümayəndəsi Tamilla Qurbanova təmsil edirlər. Onlar ölkəmizdə incəsənətin bu növünün inkişafında böyük rol oynamışlar.