İQTİSADİYYAT


Bakıda “Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişikliyinin İqtisadiyyatı: Mitiqasiya Komponenti” üzrə yekun seminarlar keçirilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 21-23-də Bakıda Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Bərpa Olunan Enerji üzrə Texniki Yardım Proqramı çərçivəsində “Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişikliyinin İqtisadiyyatı: Mitiqasiya (Təsirlərin Azaldılması) Komponenti” üzrə yekun seminarlar keçirilib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu layihə Azərbaycan, Qazaxıstan və Özbəkistan respublikalarını əhatə edir və burada məqsəd energetika, nəqliyyat sektorlarında aşağı karbon tullantılı prioritet kapital qoyuluşlarını müəyyən etmək, iqlimə təsirin yumşaldılması üzrə tədbirlərin, o cümlədən, Milli Səviyyədə Məqbul Mitiqasiya Tədbirlərinin (NAMA) planlaşdırılması, həyata keçirilməsi və monitorinqi metodlarına dair məlumatlar vermək, bu sahədə praktiki nümunələri və regionda bu günədək olan inkişafı ön plana çıxarmaq, qabaqcıl təcrübələr barədə informasiya mübadiləsini asanlaşdırmaqdır.

İlkin olaraq iyulun 21-də Azərbaycan üzrə yekun seminar baş tutub. Tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov və AİB-in rəsmisi Nathan Rive çıxış ediblər.

C.Məlikov ABOEM sahəsi üzrə Azərbaycanda görülən işlər haqqında məlumat verib və respublikamızda bu sahədə olan inkişafa ölkə rəhbərliyinin xüsusi önəm verməsi sayəsində nail olunduğunu qeyd edib. O, həmçinin, seminarın əsas mövzularından olan Samux Aqro - Enerji Yaşayış Kompleksi layihəsini NAMA qeydiyyatına salınması üçün bir nümunə olaraq iqlim dəyişmələrinin təsirlərinin azaldılması komponenti kimi təhlil olunması barəsində tədbir işitrakçılarını məlumatlandırıb və bu tipli layihələrin Azərbaycanın digər rayonlarında, qonşu ölkələrdə həyata keçirilməsini tövsiyə edib.

AİB-in rəsmisi Nathan Rive sözügedən layihə haqqında məlumat verərək layihənin tarixi, məqsədi və əsas nəticələr haqqında tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra seminarı “Enerji və nəqliyyat sektorlarında iqlim dəyişmələrinin təsirlərinin azaldılması xərclərinin hesablanması ilə bağlı nəticələr” mövzusu ilə Layihənin Texniki Yardım üzrə Qrup rəhbəri Jette Findsen, “Azərbaycan üzrə İqlim Dəyişmələrinin Təsirlərinin Azaldılması prioritetləri və planları” mövzusu ilə Azərbaycan ekspertləri davam etdiriblər.

İyulun 22-23-də isə bu layihə çərçivəsində yekun regional seminarlar keçirilib.

Seminarlarda Azərbaycanla bərabər Qazaxıstan və Özbəkistanın müvafiq dövlət qurumlarının, təşkilatlarının nümayəndələrinin, işçi qruplarının rəhbərlərinin də məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Sonda seminar iştirakçıları tərəfindən müvafiq suallar ətrafında diskussiyalar olub və məruzələrlə bağlı müəyyən təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.