Bakıda “Milli mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib
AzerTAg.az
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatımızın rolu danılmazdır. “Əkinçi” qəzetindən başlayan söz və ifadə azadlığı bizə “Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə sağlam tənqidi öyrətdi. Bu mənada milli mətbuatın yaranması milli kimliyimizin formalaşmasında xüsusi rola malikdir. Söz və ifadə azadlığının tərənnümü olan mətbuat bu gün fundamental dəyərlərin təbliğində yaxından iştirak etməlidir. Bu sahədə dövlətin həyata keçirdiyi siyasətə toxunan R.Qurbanov diqqətə çatdırıb ki, dini, irqi ayrı-seçkiliyi təbliğ edən, nifrəti aşılayan məzmunların qanun çərçivəsində qadağan olunması tarixən çulğalaşan dəyərlərimizin qorunmasına və geniş təbliğinə yönəlib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün mətbuata dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi, eyni zamanda, söz, fikir və özünüifadə azadlığının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental amillər kimi dəyərləndirilməlidir.
“SƏS” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, milli mətbuatımızın “Əkinçi”dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi, bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda müstəqil mətbuatın inkişafından bəhs edərkən ilk olaraq Ulu Öndərin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmir edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı.
Azərbaycan mətbuatının əsas inkişaf dövrünün ölkənin müstəqilliyinin ilk illərinə təsadüf etdiyini bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində yeni qəzetlərin nəşri prosesi ilə jurnalistikada keçid mərhələsi başladı. Müstəqillik ideyalarını təbliğ edən, milli oyanış, özünüdərk prosesinin əsas amili olan Azərbaycan mediası bu vaxtdan etibarən yeni inkişaf mərhələsinə qədəm qoydu.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən media nümayəndələri arasında elan olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Xəbərin mətnində orfoqrafik səhv var