MƏDƏNİYYƏT
Bakıda “Misirdə İslam memarlığının inkişafı” mövzusunda mühazirə dinlənilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” mövzusunda mühazirə dinlənilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizdə qonaq olan Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövki də iştirak edib.
Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ölkələrimiz arasında mövcud olan mədəni əlaqələrin inkişafından danışaraq bu əlaqələrin daha da genişlənməsi üçün aparılan işlər barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İcraçı direktoru Oqtay Səmədov misirli elm adamlarının Bakıya səfərlərini yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycan ilə Misir arasında mədəni əlaqələrdən və bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışılıb.
Sonra Əhməd Seyyid Muhəmməd Şövkinin “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” mövzusunda mühazirəsi dinlənilib. Alim iştirakçılara Misirdə olan qədim və müasir memarlıq abidələri və onların tikintisi haqqında məlumat verib.