İDMAN


Bakıda ilk dəfə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Bakıda Milli Olimpiya Komitəsinin (MOK), Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli ekstremal idman turniri “Qəhrəmanlar Liqası” - “Mübarizlər” yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən yarışın açılış mərasimində dövlət və hökumət rəsmiləri, müxtəlif idman qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək bildirib ki, Rusiyada bir neçə dəfə keçirilən bu yarış artıq Azərbaycanda da təşkil olunur: “Bakıdakı yarış Rusiyadakı yarışların nümunəsi əsasında keçirilir. Milli Olimpiya Komitəsinin rəhbərliyi adından təşkilatçılara təşəkkürümü bildirirəm. Milli Olimpiya Komitəsinin 25 illiyi ərəfəsində bu yarışın keçirilməsi xüsusilə əlamətdardır. Dövlətimizin başçısı İlham Əliyev 20 ildir Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu gün Azərbaycan idman ölkəsi kimi geniş addımlarla irəliləyir. Prezidentimizin qeyd etdiyi kimi, biz bütün idman növlərini dəstəkləyirik”.

Çingiz Hüseynzadə yarış iştirakçılarına uğurlar diləyib.

Sonra “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov yarış haqqında məlumat verib. O bildirib ki, Azərbaycan son illər ən öndə gedən idman ölkələrindən birinə çevrilib.

Layihənin müəllifi Kseniya Şoyqu yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və buna görə təşkilatçılara minnətdarlığımı bildirib: “Mən bir müddət əvvəl burada olmuşdum, o zaman belə bir şərait yox idi. Lakin indi hər cür şərait yaradılıb. Yarışın iştirakçılarına uğurlar arzulayıram”.

Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsindən sonra yarışa start verilib.

Diqqətə çatdırılıb ki, idman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Yarışmaya 1500 iştirakçı qatılıb.

Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları 10 kilometr uzunluğunda və 42 maneədən ibarət marşrut qət ediblər.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Azərbaycanda ilk dəfə keçirilən maneəli ekstremal “Mübarizlər” yarışında 15 nəfər iştirakçı qalib gəlib.

Nəticələrə əsasən, kişi iştirakçılardan 10 nəfər, qadın iştirakçılardan isə 5 nəfər qalib elan olunub.

Qaliblərə diplom və pul mükafatları, ilk üç yeri tutanlara isə medal və kubok təqdim olunub.

Yarışma əyləncəli konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.