İQTİSADİYYAT
Bakıda Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilir
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 15-ci iclası öz işinə başlayıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək iclasda, ümumilikdə 8 ölkənin o cümlədən, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin nümayəndələri iştirak edir.
İclasın gündəliyinə 2016-2020-ci illəri əhatə edən Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyasının III mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının icra vəziyyəti daxildir.
Bundan başqa, Koordinasiya Şurasının üzvləri milli mühasibat uçotu sisteminin inkişafı, o cümlədən təsərrüfat subyektləri tərəfindən beynəlxalq standartların tətbiqi və həmin subyektlərdə uçot siyasətinin formalaşdırılması ilə əlaqədar ölkələrin təcrübələri, habelə auditor fəaliyyətinin tənzimlənməsi ilə bağlı milli sistemlərin inkişafı və Beynəlxalq Audit Standartlarının tətbiqi, habelə auditor xidməti bazarının mövcud vəziyyəti üzrə müzakirələr aparacaqlar.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 2000-ci il 25 may tarixli Qərarı ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurası haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq adıçəkilən şuranın əsas məqsədi milli mühasibat uçotu sistemlərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunlaşmasına təkan verməklə mühasibat uçotu sahəsində təşkilatların maliyyə hesabatlarının tərtib edilməsi üzrə vahid yanaşmanın təmin edilməsinə müvafiq tövsiyələrin verilməsindən ibarətdir.