İQTİSADİYYAT
Bakıda Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın beynəlxalq tədbirləri müzakirə olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, professor Tatyana Anodina Azərbaycanda işgüzar səfərdədir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Tatyana Anodina Baş nazir Novruz Məmmədov, Azərbaycan Respublikası hökumətinin nazirləri ilə görüşlər keçirib. Görüşlərdə Dövlətlərarası Şura tərəfindən 2015-2018-ci illərdə Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən böyük beynəlxalq tədbirlər müzakirə olunub.
Tatyana Anodina mülki aviasiya obyektlərini və təşkilatlarını ziyarət edib, AZAL-ın prezidenti Cahangir Əsgərov ilə görüşüb. Tərəflər uçuşların təhlükəsizliyinin bundan sonra da artırılması, aviasiya texnikası, hava limanları və təmir müəssisələrinin sertifikatlaşdırılması məsələlərini nəzərdən keçiriblər.
Dövlətlərarası Şuranın prezidenti IX Azərbaycan-Rusiya Regionlararası Forumun işində iştirak edib.
Tatyana Anodina bu günlərdə Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının yarışlarına da baxıb.