MƏDƏNİYYƏT


Bakıda “Nargis” jurnalı və Fondunun təşkilatçılığı ilə xeyriyyə konserti və yarmarkası olacaq

Bakı, 30 noyabr, AZƏRTAC

“Nargis” jurnalı və Fondunun və Macarıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 15-də Bakıda, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xeyriyyə konserti və yarmarkası keçiriləcək.

Təşkilatçılar AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinə yardım məqsədi ilə vəsait toplamaqdır. Bu vəsait, məsələn, gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqların oxu və yazı vərdişlərini mənimsəmələri üçün vacib olan xüsusi Brayl maşınlarının alınmasına xərclənəcək.

Konsert proqramında dünya şöhrətli macar musiqiçiləri Endre Hegedyuş və Feliks Layko iştirak edəcəklər.

Tədbirin əvvəlində kiçik yarmarka açılacaq. Qonaqlar burada Macarıstan istehsalı olan müxtəlif məhsullar, o cümlədən şokolad, salyami v s. ala biləcəklər və bununla da bu xeyriyyə aksiyasına öz töhfələrini verəcəklər.

Tədbirə tamaşaçı qismində 5 nömrəli internat məktəbinin şagird və müəllim heyəti, gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqların təhsil aldığı 38 nömrəli musiqi məktəbinin müəllim heyəti dəvət edilib.

Virtuoz pianoçu, dəfələrlə beynəlxalq müsabiqələrin qalibi olmuş Endre Hegedyuş Ferens List musiqi irsinin məşhur interpretatorudur. O, 27 albom yazdırıb. Macarıstan teleşirkətləri onun konsert yazıları əsasında ümumi müddəti 18 saatdan çox olan 12 sənədli film istehsal ediblər. E.Hegedyuş otuzillik musiqi karyerası ərzində 2600-dan çox konsert verib, qastrol səfərləri ilə bütün dünyanı dolaşıb.

Skripkaçı və bəstəkar Feliks Layko mahir sitra ifaçısıdır. O, macar rejissoru Kornel Mundrutsonun Kann festivalında “Qızıl palma budağı”na layiq görülmüş “Delta” filmində baş rolda çəkilib, əfsanəvi “Buto” rəqqası Mina Tanakini müşayiət edib, tanınmış serb trubaçısı Boban Markoviç və skripkaçı Aleksandr Balanesku ilə birlikdə çıxış edib. Feliks Layko bir sıra tamaşalara musiqi bəstələyib. O, 1998-ci ildə keçirilmiş “Sarayevo qışı” Beynəlxalq festivalının himninin müəllifidir.

Konsertə biletləri kassalarda və “Iticket” saytında almaq olar.

Konsert və yarmarka haqqında ətraflı informasiya “Nargis” jurnalının “Instagram” və “Facebook” sosial şəbəkələrindəki rəsmi səhifələrində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.