REGİONLAR


Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları davam edir

Bakı, 17 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Novruz bayramında əhalinin bazar qiymətlərindən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi martın 20-dək Bakı şəhərinin müxtəlif yerlərində 5 günlük satış yarmarkaları təşkil etmişdir.

Artıq üçüncü gündür ki, Xətai rayonunun Məhəmməd Hadi küçəsində (Ukrayna dairəsindən H.Aslanov metrosuna gedən yolda), Yasamal rayonunun Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində, Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında, Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsindəki 6 nömrəli peşə liseyinin həyətində, Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanında, Nəsimi rayonunda Təzə bazarın ərazisində; Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli məktəbin yanında bayram satış yarmarkaları davam edir.

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamında Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili tapşırılmışdır. Sərəncama əsasən, yarmarkaların fəaliyyətinə normal şərait yaradılmalı, əhali və fermerlər üçün əlverişli ticarət mühiti formalaşdırılmalı, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməli, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkalar təşkil olunmalıdır.

Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yerlər müasir standartlara uyğun və qapalı formada qurulmuş, əhali və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılmışdır.

Martın 16-da da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları davam etmişdir. Bayram yarmarkalarına mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq, həmçinin Novruz süfrələrimi bəzəmək üçün müxtəlif çərəzlər, şirniyyatlar və digər məhsullar çıxarılmışdır.

Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 40 tona yaxın məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 25 ton kartof və s. təklif olunurdu.

Yarmarkada Novruzun gəlişindən xəbər verən səmənilər göz oxşayırdı. Həmişəkindən fərqli olaraq qoz, fındıq, quru meyvələr, ədviyyat daha çox alınırdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, son iki gündə yarmarkada 65 ton məhsul satılmışdır. Yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-60 qəpiyə və s. satılır.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində - qapalı şəraitdə, göz oxşayan səliqə-sahman yaradılmış məkanda təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən beş gün üçün 241,8 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı, Novruz çərəzləri və digər məhsullar gətirilmişdir. Azərbaycanda qida məhsullarının istehsal edən şirkətlər də bayramla bağlı öz məhsullarını yarmarkaya çıxarmışlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, şənbə və bazar günlərində yarmarkada ümumilikdə 120 tondan çox məhsul satılmışdır. Növbəti üç gündə isə 121 min tondan çox kənd təsərrüfatı məhsullarının satışı nəzərdə tutulmuşdur.

Yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti, həmçinin qoz, fındıq, şabalıd və meyvə qurusu və digər çərəzlər üstünlük təşkil edir. Məhsullar bazarlardakından 20-30 faiz ucuz təklif olunur.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulmuş, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilmişdir.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Novruz bayramı ilə əlaqədar qoz, fındıq, şabalıd və meyvə qurusu çoxluq təşkil edirdi. Baharın rəmzi olan qırmızı lentli yaşıl səmənilər xüsusilə göz oxşayırdı.

Burada satışa Ağdaş, Salyan, Masallı və digər rayonlardan gətirilmiş 36 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Paytaxt sakinləri burada təklif olunan kartof, soğan, alma, naringi, kələm, yerkökü, çuğundur, yumurta, ət, süd, həmçinin Novruz çərəzlərini həvəslə alırdılar.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır. Bunun nəticəsidir ki, yarmarkanın ilk iki günündə burada ümumi məhsulun 50 faizindən çoxu satılmışdır.

Martın 15-16-da Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (12 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, iki gün üçün 14,4 ton məhsul satılmışdır.

Sonrakı üç gündə isə “Günəş” ticarət mərkəzində (20,5), “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,5 ton), ümumilikdə 23 ton məhsulun satılması planlaşdırılır. Beş gündə Suraxanı rayonu ərazisində, ümumilikdə, 37,4 ton məhsul satılacaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada müxtəlif çərəzlər, meyvələrdən alma, armud, nar, heyva, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.

Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda təşkil olunmuş yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 450 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir. Şənbə və bazar günlərində burada təqribən 250 ton məhsul satılmışdır.

Yarmarkadakı nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Bir neçə yerdə nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazarla müqayisəsi göstərilmişdir.

Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, süd, ət, Novruz çərəzləri və digər məhsullar satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır. Qiymət isə bazara nisbətən 20-30 faiz ucuzdur.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkasına 5 gün ərzində satılmaq üçün respublikamızın 10 rayonundan 98 ton kənd təsərrüfatı məhsulları və 30 min ədəd yumurta gətirilmişdir.

Şənbə və bazar günlərində burada 60 ton kənd təsərrüfatı məhsulları, həmçinin 15 min ədəd yumurta satılmışdır.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilmiş, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılmış, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunmuş, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür.

Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarka martın 16-da da davam etmişdir. Novruz bayramı ərəfəsində fermerlər müxtəlif çeşiddə meyvə-tərəvəzlər, süd və bostan məhsulları satırdılar.

Şəhər sakinləri qozu, almanı, narı, fındığı, kartofu, kələmi, pomidoru və digər məhsulları bazardakından 25-30 faiz ucuz qiymətlərə ala bilirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, martın 15-16-da Goranboy, Bərdə, Ağstafa, Siyəzən və digər rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri yarmarkada 30,8 ton meyvə-tərəvəz, süd və bostan məhsulları satmışlar. Martın 17-də isə yarmarkaya daha 9 ton məhsul çıxarılmışdır.

Yarmarka martın 20-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.