İQTİSADİYYAT
Bakıda “Ödəmə qabiliyyəti 2 (Solvency II) – aktuarilik və mühasibatlıq tələbləri” adlı ikigünlük seminar keçirilir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Bakıda “Ödəmə qabiliyyəti 2 (Solvency II) – aktuarilik və mühasibatlıq tələbləri” adlı ikigünlük seminar işə başlamışdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Avropa Komissiyası tərəfindən təşkil edilmiş seminar Almaniyadan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır.
AZƏRTAC xəbər verir ki, seminarda ölkənin sığorta sektorunun cari tələbləri baxımından çox əhəmiyyətli elmi-nəzəri biliklər, habelə tətbiq olunan qanunverici və inzibati tədbirlərin inkişaf etmiş beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılması müzakirə olunacaqdır.
Seminarı giriş sözü ilə açan Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov 2012-ci ildə qəbul olunmuş Solvency II sisteminin tələblərinin Avropa Birliyi ölkələrində 2014-cü ildən tətbiq olunacağını bildirmişdir. Bu tələblərin Azərbaycanda da həyata keçirilməsi mümkündür. Seminarın təlimçisi, Almaniyanın Federal Maliyyə Nəzarəti Xidmətinin əməkdaşı Qudrun Hoyer Solvency II barədə məlumat vermişdir. O, Almaniyanın sığorta nəzarəti təcrübəsi barədə də iştirakçıları məlumatlandırmışdır. Seminar TAİEX Proqramı çərçivəsində reallaşmışdır.