ELM VƏ TƏHSİL
Bakıda “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-texniki konfrans işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, konfransın işində Türkiyə, ABŞ, Rusiya, Almaniya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus və Qazaxıstanın tanınmış alimləri iştirak edirlər. Konfransa metrologiya və keyfiyyət problemləri ilə məşğul olan yerli və xarici ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar.
AzTU-nun rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov Azərbaycanda ölçmə və keyfiyyətə nəzarət sahəsində qazanılan nailiyyətlərdən bəhs edib, bu sahədəki problemləri və perspektivləri iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, konfransın məqsədi metrologiya və keyfiyyət məsələlərinin aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən ibarətdir.
Rusiya Metrologiya Akademiyasının akademiki, professor Aleksandr Kozlov, Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun şöbə rəisi, professor Valeriy Lısenko, AzTU-nun metrologiya və standartlaşdırma kafedrasının müdiri, professor Elçin İsgəndərzadə, AzTU-nun və Almaniyanın Rostok Universitetinin əməkdaşı, dosent Cavid Səfərov plenar iclasda elmi məruzə ilə çıxış ediblər.
Bildirilib ki, konfransın praktiki əhəmiyyəti sənayenin bir sıra sahələri üçün böyük önəm kəsb edir. Konfransın yekununda Azərbaycanda maşınqayırma, neft-qaz istehsalı sənayesi, hərbi sənaye komplekslərinin, cihazqayırmanın və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflər ümumiləşdirilərək istehsalata tətbiq ediləcək.
Konfrans işini üç gün davam etdirəcək və yeddi bölmədə 190-dan çox məruzə dinləniləcək. Bölmələrdə metrologiya, ölçmələr və keyfiyyətə nəzarətin müasir problemlərinə dair işgüzar müzakirələr aparılacaq. Plenar iclas və bölmələrdə keçirilən müzakirə və diskussiyalar, habelə məruzə və çıxışlardakı təklif və tövsiyələr ümumiləşdirilərək bəyannamə qəbul ediləcək.