ELM VƏ TƏHSİL


Bakıda “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ömürboyu təhsil və liderlik” mövzusunda V beynəlxalq elmi konfrans keçirilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Sakarya Universiteti ilə birgə təşkil olunan konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamı iştirak edib.

Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək, konfransın mövzusunun aktual olduğunu bildirib. UNEC-də ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını deyən A.Rzayev UNEC Ekstern Mərkəzinin fəaliyyətindən söz açıb. Mərkəzdə regionlarda fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin nümayəndələrinə idarəetmə üzrə distant təlimlərin keçirildiyi bildirib. A.Rzayev konfransın ömürboyu təhsilin inkişafı istiqamətində yeni töhfələr verəcəyinə əminliyini ifadə edərək konfransın işinə uğurlar arzulayıb.

Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açan Sakarya Universitetinin professoru Osman Titrek ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğunu qeyd edib. Bildirib ki, dünyanın nüfuzlu professor və alimlərinin iki gün ərzində ömürboyu təhsilin nəzəriyyələri, texnologiyaları, iqtisadi aspektləri, iqtisadi inkişafdakı rolu və digər istiqamətlərdə məruzələri dinləniləcək.

Konfransda Böyük Britaniyanın Vorvik Universitetinin professoru Malkom Hour, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.

Sonra panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfransın materialları “Thomson Reuters”, “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans “ESCI” və “SCOPUS” indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.

Konfrans iyulun 11-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.