SİYASƏT
Bakıda Özbəkistanın Konstitusiyasının qəbulunun 24-cü ildönümü qeyd olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Özbəkistanın Azərbaycandakı səfirliyi ölkə Konstitusiyasının qəbul olunmasının 24-cü ildönümünü qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən rəsmi qəbulda hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfir Şerzod Fayziyev tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirilib ki, Əsas Qanun hüquqi və demokratik dövlət qurulması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, iqtisadi inkişaf, xalqın həyat şəraitinin yaxşılaşdırılması üçün hüquqi qarantdır.
Diplomat bu günlərdə Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri haqqında ətraflı məlumat verib.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlərə toxunan səfir əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. O deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Səfir əlaqələrimizin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.