İQTİSADİYYAT


Bakıda Qadın sosial sahibkarlıq forumu keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Bakıda Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və “Education HUB”ın təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə olaraq Qadın sosial sahibkarlıq forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətlərində kompleks tədbirlərin görüldüyü deyib.

Bildirib ki, həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. Həmçinin, ötən il özəl sektorun ÜDM-də payı 84,7 faizə çatıb, məşğulluqdakı payı isə 76 faiz təşkil edib. Bu da ölkə iqtisadiyyatının qlobal çağırışlara dayanıqlılığının mühüm göstəricisidir.

Forumun əhəmiyyətini qeyd edən nazir müavini bildirib ki, ölkəmizdə qadınların digər sahələrdə olduğu kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi də diqqətdə saxlanılır. Qadınların iqtisadi təşəbbüskarlığının artması, biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir: “Ölkə üzrə fərdi sahibkarların təqribən 20 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığının inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxu qadın sahibkarlar olub. Növbəti illərdə də Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sosial sahibkarlığın inkişaf etdirilməsi, əhalinin həssas qruplarının, sosial cəhətdən müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində tədbirlər davam etdiriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə Azərbaycanda qadın sahibkarlığın inkişafı və istiqamətləri barədə məlumat verib. Bildirib ki, ölkədə sosial sahibkarlıq inkişaf edir: “Qadınların fəaliyyətlərinin dəstəklənməsi və gücləndirilməsi daim xüsusi önəm kəsb edir. Komitə olaraq bu istiqamətdə fəaliyyətdə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm veririk”.

AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva qeyd edib ki, son dövrlərdə sosial sahibkarlıq dünyada ictimai marağa səbəb olub. Sosial sahibkarlıq sosial missiya həvəsini biznes şəklində ehtiva edir. Bir çox sosial sektor institutlarının fəaliyyətində mütərəqqi menecment və marketinq üsullarına ehtiyac yaranır: “Sosial sahibkarlığın dili yeni ola bilər, lakin bu fenomen yeni deyil. Biz onu bu adla çağırmasaq belə bir çox hallarda sosial sahibkarlığa rast gəlirik. Qeyri-kommersiya təşkilatları əlavə olaraq sosial sahibkarlıq ictimai məqsəd daşıyan biznes müəssisələrini, o cümlədən, inkişaf bankları, mənfəət güdməyən və güdən elementlərə malik olan hibrid təşkilatlar, öz sakinlərini maarifləndirmək və məşğulluq dərəcəsini artırmaq məqsədi daşıyan biznesə başlayan icmalar kimi müəssisələri də daxil edə bilər. Sosial sahibkarlar öz sosial missiyalarına xidmət etmək üçün ən əlverişli imkanlar və metodlar axtarır”.

“Hazırda Azərbaycanda sosial sahibkarlıq institutları yaradılmasına və sosial sahibkarlığın qanunvericilik bazasının hazırlanmasına ehtiyac duyulur. Bugünkü tədbirin panel iclaslarından biri qanunvericilik məsələlərinə həsr olunub. “Education HUB”dan olan həmkarlarımız ilk dəfə olaraq Azərbaycanda sosial sahibkarlıqla bağlı hazırlanmış tədqiqatı təqdim edəcəklər. İnanıram ki, iştirakçılar bu sahə ilə bağlı öz fikir və rəylərini bildirəcəklər. Eyni zamanda, dövlət qurumlarının tədbirdə iştirakından istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanda sosial sahibkarlığın stimullaşdırılması üçün İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyət planına ehtiyac var. Biz assosiasiya olaraq “Education HUB”la birlikdə bu sahədə əməkdaşlığa hazırıq”, - deyə S.Babayeva qeyd edib.

Forum işini panel iclaslarla davam etdirib. İclaslarda Qazaxıstan, Gürcüstan və ABŞ-dan olan ekspertlər öz ölkələrində sosial sahibkarlığın əhəmiyyəti, əldə etdikləri nailiyyətləri forum iştirakçıları ilə bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.