MƏDƏNİYYƏT
Bakıda “Qadınları qoruyaq” qısametrajlı film təqdim olunub
Bakı, 17 oktyabr, Pərvanə Rəhimova AZƏRTAC
Oktyabrın 17-də “Qadınları qoruyaq” adlı qısametrajlı ekran əsərinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatdan öncə layihə rəhbərləri Lalə Qəzənfər və Zaur Tahirsoy tədbir iştirakçılarını film barədə məlumatlandırıblar.
Filmin qadına verilən dəyərdən bəhs etdiyini söyləyən natiqlər deyib: “Ekran əsərində göstərilir ki, qadınlara diqqətsizlik göstərildikdə və layiqli dəyər verilmədiyi halda onlar xəyanət edir. Hazırda kişilər ailə qurduqdan sonra qadınlarının qayğısına qalmır, ailə problemlərinin həllində iştirak etmirlər”.
Sonra film nümayiş olunub.
Tanınmış azərbaycanlı modelyer-dizayner, ətriyyatçı, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova ekran əsəri haqqında deyib ki, bu qısa filmdə bir çox ümumbəşəri fikirlər əksini tapıb. Belə ki, qadınların uğur qazanmaları üçün təhsilin vacibliyini vurğulayan Fəxriyyə Xələfova qeyd edib ki, uğur qazanmış qadınların digərlərindən fərqli olaraq sığortası var. Hazırda cəmiyyətimizdə psixoloji problemlər öyrənilmir, psixoloji amillər nəzərə alınmır, ona görə bir çox problemlər ortaya çıxır.
Azərbaycanın Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva bu layihənin gənclər üçün önəmli mesaj olduğunu vurğulayaraq qeyd edib ki, gənc qızların təhsil və savad məsələsi hazırda çox aktualdır: “Bu istiqamətdə qızların gələcəkləri üçün valideynlərin dəstəyi və rolu çox önəmlidir. Analar qızlarını ailə həyatına hazırlamalıdılar. Xanımlar ailə qurduqdan sonra qaynana da ana kimi gəlinə dəstək olmalıdır”.
Azərbaycan Qadınlar Birliyinin sədr müavini Vəfa Abbasova, Kikboks üzrə dünya və Avropa çempionu, Əməkdar Məşqçi Fuad Zeynalov, Azərbaycan Moda Assosiasiyasının rəhbəri Lyubov Qutorova çıxışlarında qadınların cəmiyyətdəki önəmli rolundan, onların hüquqlarının qorunmasından, cəmiyyət tərəfindən bir çox hallarda zorakılığa məruz qaldıqları barədə müzakirələr aparıblar.
Tədbir çərçivəsində psixoloq-rejissor Zaur Tahirsoy Azərbaycanda ilk dəfə psixologiyada film terapiyasının tətbiqi ilə bağlı məlumat verib.