CƏMİYYƏT


Bakıda “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ildönümünə həsr olunub.

Çıxış edən ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl bildirib ki, 15 sentyabr tarixinin qeyd edilməsi artıq ənənə halı alıb. Sevindirici haldır ki, bu prosesdə təşəbbüskar qismində çıxış edən təşkilatların sayı artır. ATXƏM, Mətbuat Şurası və Milli QHT Forumu hər il mövcud istiqamətdə tədbirlər keçirir.

“Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq salnaməsidir. Tədbirimiz bu şanlı tariximizi bir daha yada salmaq məramına köklənib. Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər”, - deyə İ.İsmayıl əlavə edib. O, Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun görkəmli sərkərdəsi Nuru paşanın rolunu xüsusi vurğulayıb.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu çıxışında Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib.

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin təmsilçisi Nebahat Kirman, professor Güllü Yoloğlu və başqaları çıxış edərək Qafqaz İslam Ordusunun tarixi missiyasının təqdimatındakı spesifik məqamlardan söz açıblar. Natiqlər, həmçinin Bakının erməni-daşnak işğalından qurtulmasında fədakarlığı ilə seçilmiş Nuru paşanın adının əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar. Konfrans iştirakçıları bununla bağlı ölkə rəhbərliyinə müraciət edilməsini məqsədəuyğun sayıblar.

Sonda Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində xidmətləri olan bir qrup şəxsə İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin mükafatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.