İDMAN


Bakıda “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir

Bakı, 2 iyul, AZƏRTAC

Bu gün Bakıda möhtəşəm “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirin təşkilatçısı türkiyəli Kürşat Şahinin rəhbəri olduğu “Loca” döyüş klubudur.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra başlayan açılış mərasimində çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bildirib ki, xalqımıza, ölkəmizə yalnız qələbə, zəfər yaraşır. Bu Zəfəri bizə yaşadan ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Bu siyasət yaşadıqca, davam etdirildikcə Azərbaycanı qarşıda daha böyük zəfərlərin, qələbələrin gözlədiyini qeyd edən A.Əliyev ölkəmizdə bütün sahələr kimi idmanın da yüksək səviyyədə inkişaf etdiyini bildirərək deyib: “Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə keçirilməsi, həmçinin idmançılarımızın beynəlxalq arenalarda uğurlu nəticələr əldə etməsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir”.

Milli Məclis sədrinin müavini Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini də diqqətə çatdırıb. O qeyd edib ki, bu iki dövlət arasında qarşılıqlı bağlar, sıx münasibətlər xalqlarımızı, ölkələrimizi hər zaman bir-birinə doğmalaşdırıb, mehribanlaşdırıb.

Sonra yarışa start verilib. Yarışda dördü Azərbaycandan, dördü isə Türkiyədən olmaqla səkkiz idmançı dünya millisinə qarşı mübarizə aparır.

Qeyd edək ki, Azərbaycan millisindən qatılan idmançılar Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, türklərdən isə Adəm Bozkurt, Zəhra Doğan, Qalip Çelik və Ali Kelat döyüş gecəsinin iştirakçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.