ELM VƏ TƏHSİL
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib
Bakı, 28 noyabr, Xatirə Cəfərova, AZƏRTAC
Noyabrın 28–də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Ukrayna, İran, Almaniya və Avstraliyadan olan tanınmış arxeoloqlar iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişaf səviyyəsinin dünyada tanıdılmasında beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. AMEA-nın beynəlxalq əlaqələrindən söz açan akademik işğal altında olan əzəli torpağımız Qarabağın tarixən Azərbaycanla üzvi bağlılığını arxeoloji abidələrin də sübut etdiyini vurğulayıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova son illərdə Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qarabağ abidələrinin tədqiqinin və tanıdılmasının institutun əsas prioritet istiqaməti olduğunu deyən professor bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. M.Rəhimova Qarabağda, o cümlədən, cəbhəyanı ərazilərdə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan mühüm arxeoloji tədqiqatlardan, son dövrlərdə bu tədqiqatların nəticələrini əks etdirən, Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr edilmiş elmi əsərlərdən söz açıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoyur. Məqsədimiz Azərbaycanın tarixi torpaqları haqqında məlumatları dünyaya yaymaqdır.
Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Rauf Munçayev, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Qarabağın arxeoloji irsinin öyrənilməsinin aktual və mühüm məsələ olduğunu bildiriblər. Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunublar.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
Elmi konfransda Azərbaycan, Qarabağ regionu və bütünlükdə Avrasiya arxeologiyasının müxtəlif dövrlərini əhatə edən tədqiqatların yekunları üzrə 50-dən çox elmi məruzələr dinləniləcək. Həmçinin konfrans iştirakçılarının və qonaqların Bakı və onun ətrafındakı arxeoloji abidələrə, o cümlədən, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq kompleksinə səfəri təşkil ediləcək.
Konfrans noyabrın 30-da başa çatacaq.