CƏMİYYƏT


Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə bildirib ki, yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu sənayenin, kənd təsərrüfatının yüksəlişinə və sahibkarlığın inkişafına şərait yaradıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və səmərəliliyin aparılması üçün son illərdə ciddi institusional və qanunvericilik islahatlar aparıldığı, bununla yanaşı sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb.

Agentliyin sədr müavini qeyd edib ki, “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində təşkil olunan beynəlxalq seminar qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılmasına köməklik göstərməklə müasir standartlara cavab verən, rəqabətədavamlı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyacına uyğun yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalına və ticarət dövriyyəsinin daha da artırılmasına öz töhfəsini verəcək.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyri-tarif tədbirlərinin artırılması, ticarətə və davamlı inkişafa göstərdiyi təsir, qeyri-tarif tədbirləri üzrə bildiriş mexanizmləri və şəffaflığın vacibliyi barədə danışıb.

Tədbirdə qeyri-tarif tədbirlərində özəl sektorun perspektivi, sanitar və fitosanitar prosedur maneələrinin azaldılması və tənzimləyici təcrübələr, Azərbaycanda qeyri-tarif tədbirləri üzrə məlumat toplama nəticələrinin təqdimatı, qeyri-tarif tədbirlərinin ticarətə və davamlı inkişafa təsirini təhlil etmək və qiymətləndirmək, Asiya-Sakit Okean hövzəsində ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılmasının sürətləndirilməsi, dayanıqlı ticarət üçün beynəlxalq standartlar, qeyri-tarif tədbirləri və onların beynəlxalq standartlarla əlaqəsi mövzusunda çıxışlar olub. Müzakirələr zamanı mövzularla əlaqədar təcrübə mübadiləsi aparılıb.

Seminar dekabrın 11-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.