İDMAN


Bakıda “Qızlar bacarır” mövzusunda Gənclər Forumu keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, UNICEF-in və Niderland Krallığının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə qızların ictimai həyatın müxtəlif sahələrində fəallıqlarının artırılmasına dair #QızlarBacarır Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov tədbirlə bağlı ətraflı məlumat verərək deyib: “Qızlar idman sahəsində fəaliyyət göstərmək imkanı qazandıqda oğlanlardan bacarıqsız olmaları ilə bağlı yanlış təsəvvürləri, stereotipləri aradan qaldıra bilərlər. İdman da təhsil kimi qızların cəmiyyətdə bərabər iştirakçılara çevrilməsinə kömək göstərmək gücünə malikdir”.

“Qızlar uğur qazananda biz hamımız qalib oluruq”, - deyən UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, yeniyetmə qızları öz icmalarının həyatında tam və qurucu rol oynamaq üçün ehtiyac duyduqları bacarıqlar və imkanlarla təmin etmək məqsədilə gücləndirmə və onlarla işləmə həm də daha sağlam ailələr, daha güclənmiş iqtisadiyyatlar və daha bərabər cəmiyyətlər ortaya çıxara bilər. O, insan kapitalını yaratmaq məqsədinə bağlı olan xalq üçün qızların və gənc qadınların fəallığının artırılmasının vacibliyini vurğulayıb.

Forumda AFFA ilə UNICEF-in birgə təşkilatçılığı ilə #QızlarBacarır mövzusunda çəkilmiş videoçarxlar nümayiş olunub.

Forumun “Qadınların cəmiyyətdə rolu” mövzusunda keçirilən birinci panelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov mövzu ilə bağlı çıxış edib, tələbələrin suallarını cavablandırıblar.

“Qadınların siyasət və təhsildə rolu” mövzusunda ikinci paneldə isə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Niderlandın Azərbaycandakı səfiri Onno Kervers, UNICEF-in Əsas Həyat Bacarıqları üzrə beynəlxalq məsləhətçisi Mişel Mey, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev fikir mübadiləsi aparıblar.

Forumun “Bizim qəhrəmanlar” mövzusunda keçirilən üçüncü panel iclasında tədbirin əvvəlində nümayiş olunan videoçarxların qəhrəmanları – futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı olmuş Əminə Heydərova, ixtiraçı Reyhan Camalova, Fövqəladə Hallar Nazirliyində xilasedici çalışan Sima Səfərova və şair-yazıçı Leyli Salayeva iştirak ediblər. Çıxış edənlər uğur hekayələrindən danışıb, sualları ətraflı cavablandırıblar.

#QızlarBacarır milli kampaniyasının tərkib hissəsi olan Forum gender bərabərliyini təbliğ etmək və daha çox qızı həyatın bütün sferalarında fərdi bacarıq və istedadlarını nümayiş etdirməyə ruhlandırmaq məqsədilə təşkil olunub. UNICEF və AFFA qızların inkişafını və cəmiyyətdə fəallığını dəstəkləmək məqsədilə 2011-ci ildən etibarən birgə fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.