SİYASƏT


Bakıda Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının yüksək vəzifəli məmurlar səviyyəsində iclası keçirilir VİDEO

Bakı, 3 aprel, AZƏRTAC 

Aprelin 3-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Venesuelanın xarici işlər nazirinin müavini Ruben Dario Molina Qoşulmama Hərəkatının üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini, onun insan hüquqları, sülh və təhlükəsizliyin təşviq edilməsi üçün toplaşma yeri olduğunu deyib. O bildirib ki, Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Qoşulmama Hərəkatı hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan hücumlara qarşıdır. “Biz birlikdə inkişaf edir və sülhə doğru irəliləyirik. Biz Qoşulmama Hərəkatını multikultural hərəkat da adlandıra bilərik. Ölkələri narahat edən problemlərin aradan qaldırılması üçün Hərəkat yaxşı imkanlar yaradır”, - deyə nazir müavini qeyd edib.

Azərbaycanı görüşdə ölkəmizin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir. Yaşar Əliyev Qoşulmama Hərəkatı ilə bağlı Bakı Bəyannaməsinin gündəliyində qlobal, regional, regionlararası, siyasi məsələlərin, habelə insan hüquqlarının inkişafı kimi məsələlərin müzakirə olunacağını bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatının prinsipləri ilə bağlı dəyərləri və konstruktiv müqavilələri dəstəklədiyini deyib. Əlavə edib ki, yekun Bakı Bəyannaməsi həmrəylik prinsipləri əsasında qəbul ediləcək.

Daimi nümayəndə qeyd edib ki, Qoşulmama Hərəkatı regional, sosial məsələlərin, eləcə də qarşılıqlı maraq doğuran məsələlərin həllində mühüm rol oynayır. Yekun layihə sənədləri həmrəylik, qarşılıqlı anlaşma prinsiplərini özündə ehtiva edir. Qoşulmama Hərəkatı bir çox ölkələri narahat edən sosial və digər yönümlü məsələlərin həllinə öz töhfəsini verəcək.

Xatırladaq ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.

Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.