MƏDƏNİYYƏT
Bakıda “Quiz Mania” Beynəlxalq Bilik Yarışmasının seçim turları keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Bakıda ilk dəfə Nepal Respublikasının təşkilatçılığı ilə “Quiz Mania” Beynəlxalq Bilik Yarışmasının seçim turları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışmanın milli seçimlərini həyata keçirmək üçün Nepalın məşhur siması olan, 200-dən artıq filmdə rol alan Rajesh Hamal və Nepalın Akkretiv Media şirkətinin prezidenti, “Quiz Mania” Beynəlxalq Bilik Yarışmasının rəhbəri Hari Pokhrel ilk dəfə Azərbaycana gəlib. Tədbirdə, eyni zamanda, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin nümayəndələri də iştirak ediblər.
Tədbirin rəsmi hissəsində beynəlxalq yarışmanın ölkə üzrə koordinatorları İlkin Əliyev və Məhbubə Musayeva qonaqlara yarışmanın hansı formatda keçiriləcəyi ilə bağlı məlumat veriblər.
Sonra Rajesh Hamal qonaqları salamlayıb və Azərbaycanın da bu beynəlxalq bilik yarışmasına qatılmasından məmnunluğunu bildirib, ilk dəfə Bakıya gəldiyini deyən Hamal şəhəri çox sevdiyini və bura mütləq təkrar gələcəyini vurğulayıb.
Milli seçimlərin ilk turunda 9 məktəbdən 12 komanda final turuna çıxmaq üçün yazılı imtahan verib, tədbirin bədii hissəsində Azərbaycanın xalq mahnıları, muğamları, milli rəqsləri Nepaldan gələn qonaqlara nümayiş etdirilib.
Yarışmanın final mərhələsində 3 komanda yarışıb və yekunda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri birinci yeri tutublar və beynəlxalq turda iştirak haqqı qazanıblar.
Sonda layihənin rəhbəri Hari Pokhrel tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan üzrə koordinatorlara öz təşəkkürünü bildirib və onlara Nepaldan gətirdikləri xüsusi hədiyyə və mükafatı təqdim edib. Hari Pokhrel qeyd edib ki, beynəlxalq müsabiqədə Azərbaycanı hər il görməkdən məmnun olacaq.
Qeyd edək ki, yarışma artıq yeddi ildir ki, ənənəvi olaraq müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilir. Bu il 30-dək ölkə avqustun 12-dən 22-dək Nepalın Katmandu şəhərində baş tutacaq yarışda iştirak edəcək.