MƏDƏNİYYƏT


Bakıda Rafiq Babayevin 80 illiyinə həsr olunan konsert proqramı təqdim edilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də “Landmark”da görkəmli caz ifaçısı, Xalq Artisti Rafiq Babayevin anadan olmasının 80 illiyi münasibətilə konsert olub.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təqdim edilən konsertdə “Azəri Jazz” musiqi qrupu müxtəlif klassik caz ifaları ilə sənətsevərlərin görüşünə gəlib.

Konsertdən öncə Xalq Artisti Oqtay Mirqasımov və sənətkarın qızı Fərizə Babayeva çıxış ediblər.

Bildirilib ki, Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin həyat yolunu müəyyən edirdi. Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. 1965-ci ildə o, öz caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilib. Musiqiçi 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar Artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq Artisti adlarına layiq görülüb. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

Çıxışlarda vurğulanıb ki, Xalq Artisti, cazmen, pianoçu Rafiq Babayevin adını xatırlamamaq mümkün deyil. O, ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışıb. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəməyib. Həyat yolu milli musiqimizin Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə dərin iz qoymaqla yanaşı, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyidir. 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası sonralar bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazlıq qazanıb.

Tədbir konsert proqramı ilə davam edib. Bir qrup azərbaycanlı gənc cazmenin ifası alqışlarla qarşılanıb. Konsertdə klassik və müasir caz musiqisi, eləcə də dünya caz musiqisindən hit nömrələr təqdim edilib. Gecədə gənc ifaçılarla yanaşı, tanınmış

cazmen Cavan Zeynallı da çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.