ELM VƏ TƏHSİL
Bakıda “Saf rənglər” VI beynəlxalq rəsm yaradıcılığı festivalının açılışı olub
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin “Saf rənglər” VI beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festival Təhsil Nazirliyi, ADRA və “Kainat” Gənclər Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunub.
Tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri İrfan Çiftçi, “Kainat” Gənclər Mərkəzinin direktoru Rahib Rəsulzadə və digər çıxış edənlər uşaqların yaradıcılıq istedadlarının üzə çıxarılması baxımından festivalın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 2013-cü ildən keçirilən “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyasında mühüm hadisədir. Festivalın beynəlxalq miqyasda tanınması son illər nəzərəçarpacaq dərəcədə artıb, coğrafi əhatə dairəsi genişlənərək 16 iştirakçı ölkədən 2018-ci ildə 42 ölkəyə çatıb. Bu müddətdə Rəssamlıq Akademiyasının salonlarında 720 gənc rəssamın 1069 əsəri nümayiş olunub.
Festivalın müsabiqə proqramına “Azərbaycan: ölkənin müasir həyatı, tarixi və mədəniyyəti”, “Mənim ölkəmin müasir həyatı, tarixi və mədəniyyəti”, “İdman”, “Ekologiya”, “Təhlükəsiz dünya” nominasiyaları daxil edilib. Festivalın 3 yaşdan 18 yaşa qədər olan iştirakçıları təsviri sənətin ənənəvi növ və janrlarında (rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət), həmçinin müasir incəsənətin multimedia, instalyasiya, kompüter qrafikası və animasiya növlərində öz işlərini nümayiş etdirirlər.
“Saf rənglər” festivalının münsiflər heyətinin tərkibinə Rusiya Federasiyası Omsk şəhərinin “Leqenda” studiyasının rəhbəri Svetlana Zaxarova, Hindistanın “Metropolis” assosiasiyasının üzvü Pritu Sinqx və Çili səfirliyinin nümayəndəsi Yelena Jara daxildir. Münsiflər heyətinin sədri ADRA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Fuad Salayevdir.
Festivalın işində Rahib Rəsulzadənin rəhbərliyi ilə fəaliyyət göstərən “Kainat” Gənclər Mərkəzi əhəmiyyətli rol oynayır. Mərkəz festivalın daimi sponsoru, 2019-cu ildən isə Rəssamlıq Akademiyası ilə yanaşı, təşkilat komitəsinin həmsədridir.
Tədbirin ictimai və beynəlxalq səviyyəsini artırmaq məqsədilə təşkilat komitəsi 2016-cı ildən festivalın xarici iştirakçıları üçün xüsusi statuslu “qonaq” dərəcəsini tətbiq edib. Bu statusa uyğun olaraq iştirakçı festivala öz ölkəsinin simvolunu “sülh” mesajı kimi çatdıra bilər. Bu il “Saf rənglər”in xüsusi statuslu qonağı Özbəkistandır. Festival təsviri sənət dərslərinə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olur. “Duyğu” reabilitasiya mərkəzinin şagirdləri festivalın daimi iştirakçılarıdır.
Tədbirdə iştirakçılara fəxri mükafatlar təqdim olunub.
Açılış mərasimində müxtəlif nazirlik və təşkilatların, səfirliklərin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər.