CƏMİYYƏT
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
Bakı, 18 aprel, Əziz Məmmədov, AZƏRTAC
Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə hər il 7 aprel – Dünya Sağlamlıq Günü münasibətilə aprelin 5-dən mayın 5-dək “Sağlamlıq və xoşbəxtlik” aylığı keçirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 18-də bu aylıq çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) idman kompleksində tələbələr arasında futbol, qısa məsafələrə qaçış və güc təmrinləri (turnikdə dartınma) üzrə idman yarışlarına start verilib. Yarışlar Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi və AzMİU tərəfindən ölkəmizin paytaxtındakı digər ali məktəblərin təşkilati dəstəyi ilə keçirilir.
Aprelin 18-də futbol turnirinin final matçlarına tamaşa etmək üçün gələnlər arasında aylıqda təmsil olunmuş ali məktəblərin rəhbərləri və xüsusi dəvətli digər qonaqlar da vardı.
AzMİU-nun rektoru, Milli Məclisin deputatı professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edib. O qeyd edib ki, Azərbaycan və Türkmənistan çoxəsrlik dostluq telləri və tarixi mədəni-mənəvi ənənələrlə bağlıdır. Rektor deyib: “Artıq ikinci dəfədir ki, bu idman tədbirinin keçiriləcəyi məkan kimi məhz Azərbaycan Memarlıq və İnşaat Universiteti seçilib. Buna görə Türkmənistanın ölkəmizdəki səfirliyinə təşəkkürümü bildirmək istəyirəm. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hesab edirəm ki, bu idman-sağlamlıq tədbiri iki qardaş xalqın rifahı naminə Türkmənistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə töhfə olacaq”.
Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkələrimizi ortaq tarixi tale və çoxəsrlik qardaşlıq telləri bağlayır. Müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri yeni məzmun kəsb edir.
Səfir “Sağlamlıq və xoşbəxtlik” devizi altında keçirilən idman yarışı barədə söhbət açaraq qeyd edib ki, hər il keçirilən bu genişmiqyaslı bədən tərbiyəsi-sağlamlıq və ictimai-mədəni aksiyanın əsas məqsədi xalqın, ilk növbədə, böyüməkdə olan nəslin sağlamlığını qorumaq, kütləvi sağlamlıq və idman hərəkatını inkişaf etdirməkdir. M. İşanquliyev vurğulayıb ki, bir neçə il bundan əvvəl yaranmış bu ənənə sağlam həyat tərzi siyasətinin inkişafına, bədən tərbiyəsi və idmanın təbliğinə, səhiyyə və idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Türkmənistan dövlətinin başçısı idmanla məşğul olmağın həmvətənlərinə faydasını öz şəxsi nümunəsi ilə izah edir.
Qeyd edək ki, bu idman yarışlarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komandalar, habelə Azərbaycanda təhsil alan Türkmənistan vətəndaşlarından ibarət “Yaşlık” komandası iştirak edir.
Yarışların qaliblərinə və fəal iştirakçılarına Türkmənistanın Azərbaycandakı səfirliyi adından kuboklar, fərmanlar və xatirə hədiyyələri təqdim edilib.