MƏDƏNİYYƏT


Bakıda “Salam, Portuqaliya!” adlı fotosərgi

Bakı, 10 mart, AZƏRTAC

“Nur Art House” qalereyasında “Salam, Portuqaliya! – Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı sərgi açılıb. Sərgi Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes-Kardoso və “Nur Art House” qalereyasının direktoru, professor Röya Tağıyeva çıxış edib.

Qeyd edilib ki, sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş Aydın Sadıxovun çəkdiyi fotolar yer alıb. Onun çəkdiyi fotoşəkillər Portuqaliyanın əksər tarixi şəhərlərini əhatə edir. Bu sərgidə XV-XVI əsrlərdə böyük coğrafi kəşflərin əsasını qoyan və dənizçi-səyyahların yola düşdüyü paytaxt Lissabon, XIX əsrə aid romantizm üslubunda memarlıq sarayları ilə məşhur Sintra, əsrarəngiz “Bom Jesus do Monte” (Dağların Xeyirah İsası) ziyarətgahı ilə Braqa, Duoro çayı və “Port Wine” şərabları üçün yetişdirilən üzümlükləri ilə Porto, XII əsrdə xristian məbəd cəngavərləri ordeninin tikdiyi heyranedici monastrı ilə Tomar, eləcə də eramızın birinci əsrindən qalma Roma məbədi və XVI əsrdə tikilmiş və həyatın fani olduğunu xatırladan “A Capela dos Ossos” (Sümüklər Kapellası) ilə Evora şəhərindən fotolar təqdim olunub.

Bu sərgi 2017-ci ildə Portuqaliyanın ilk mədəniyyət tədbiridir. Bundan başqa, azərbaycanlı fotoqraf Portuqaliya haqqında baxışlarını ilk dəfə nümayiş etdirir.

Aydın Sadıxov sərgiyə gələnlərə nə üçün məhz bu ölkəni seçməsini, bu ölkə haqqında təəssüratını, orada keçirdiyi hissləri və Azərbaycan və Portuqaliya xalqlarının tolerantlıq, qonaqpərvərlik və istiqanlılıq kimi oxşar cəhətlərdən danışdı.

Xatırladaq ki, keçən il Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi yerli tərəfdaşlarla birgə Bakıda bir neçə uğurlu mədəniyyət tədbiri həyata keçirib. Aprel ayında üç portuqal rəssamın əsərləri Müasir İncəsənət Muzeyində “I wanna be adored” adlı sərgidə nümayiş etdirilib. Sentyabr ayında Portuqaliyanın “Fad’Nu” musiqi qrupu Landmarkda üçgünlük konsert proqramı ilə çıxış edib və dekabr ayında “Daniel Pereira Trio” qrupu yerli musiqiçilərlə birgə Beynəlxalq Muğam Mərkəzində konsert verib.

Açılış günü fotoqrafiya üzrə ustad dərsi də keçirilib.

Sərgi martın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.